Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalid Kərimli: “İnsanlar layiqli iş tapmaqda çətinlik çəkir”
Dövlətin məşğulluq siyasətində əsas hədəflərdən biri işsiz və işaxtaran şəxslərin əmək bazarına daha sürətli cəlb olunmasıdır. Bu istiqamətdə müxtəlif aktiv məşğulluq proqramları həyata keçirilir və onların əhatə dairəsi hər il genişləndirilir.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, 2026-cı ildə 450 minə yaxın şəxsin bu tədbirlərə cəlb edilməsi planlaşdırılır. Lakin bu rəqəmin praktikada hansı nəticələr verəcəyi sual doğurur. Qısa zaman ərzində bu qədər insanın aktiv məşğulluq proqramları ilə əhatə edilməsi nə dərəcədə mümkündür? Bu proqramlarda iştirak edən şəxslərin sonrakı mərhələdə davamlı və rəsmi məşğulluq əldə etməsi real nəticə verirmi?

Bu barədə “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, bu tədbirlər əsasən iş yerləri ilə bağlı yarmarkalardır.
Onun sözlərinə görə, həm Dövlət Məşğulluq Agentliyi, həm də şirkətlər öz təşəbbüsləri ilə məşğulluq yarmarkaları təşkil edirlər. “Bu yarmarkalarda iş yerləri barədə məlumat təqdim olunur, işsizlər gəlib baxır, işəgötürənlə işçi arasında görüşlər keçirilir. Eyni zamanda, həm dövlət, həm də şirkətlər işçilər üçün treninqlər təşkil edir. Bu treninqlərin məqsədi əmək bazarına daxil olmaq üçün yeni biliklər və bacarıqlar qazandırmaqdır”.
X. Kərimli əlavə etdi ki, Dövlət Məşğulluq Agentliyinin planları ötən illərin məlumatları əsasında hazırlanır və keçirilən tədbirlərin sayı kifayət qədər real proqnozlaşdırılır: “Burada əsas sual budur: işsizlər bu tədbirlərdən sonra iş tapa biləcəklərmi? Bu yalnız Dövlət Məşğulluq Agentliyinin işi deyil. İqtisadiyyatın inkişafı, xüsusən qeyri-neft sektorunun genişlənməsi iş yerlərinin yaradılması üçün vacibdir. Əgər iqtisadi artım yalnız 1,4 faizdirsə, bu çox zəif göstəricidir və lazımi məşğulluğu təmin edə bilməyəcək”.
Ekspert sonda qeyd etdi ki, bazar işəgötürənlərin xeyrinədir və bazara çıxarılan vakansiyaların sayı iş axtaranlardan dəfələrlə azdır: “Bu səbəbdən ölkədə işsizlik problemi və aşağı əmək haqqı mövcuddur. İnsanlar layiqli iş tapmaqda çətinlik çəkirlər. İqtisadiyyat inkişaf etməlidir ki, yeni iş yerləri açılsın və işçilərə real tələbat yaransın”.
Oğuz Ayvaz