Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkədə keyfiyyətli qida və ərzaq təhlükəsizliyi məsələləri müzakirə mövzusudur. Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında deputatlar bu sahədə mövcud problemlərə toxunaraq, xüsusilə kənd təsərrüfatında keyfiyyətli toxum təminatının vacibliyini diqqətə çatdırıblar.
Müzakirələr zamanı Azərbaycanda kartof toxumçuluğunun hazırkı vəziyyəti və fermerlərin keyfiyyətli toxumla təminatı məsələsi də gündəmə gəlib. Deputat Əlibala Məhərrəmzadə ölkədə kartof toxumçuluğunun yox səviyyəsində olduğunu, fermerlərin 80 faizdən çoxunun keyfiyyətini itirmiş toxumlardan istifadə etdiyini bildirib.
Bəs Azərbaycanda kartof toxumuna illik tələbat nə qədərdir? Fermerlərin istifadə etdiyi toxumların keyfiyyəti hansı meyarlarla yoxlanılır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, məhsuldarlığın yüksək olması keyfiyyətli toxumla sıx əlaqədardır:
“Çünki sağlam, məhsuldar toxumların səpilməsi, becərilməsi gələcək bol məhsul üçün bir zəmanətdir. Bütün kənd təsərrüfatı məhsullarında olduğu kimi, kartofçuluqda da toxumçuluğun inkişafı önəmlidir və son illər bu sahədə müəyyən tədbirlər həyata keçirilir. Məhsuldar kartof toxumlarının yetişdirilməsi, alınması üçün lazımi işlər görülür”.
Onun sözlərinə görə, illik tələbatla bağlı dəqiq rəqəm söyləmək çətindir:
“Toxuma tələbat əkiləcək sahənin həcmi ilə əlaqədardır. Ona görə də bu tələbat dəyişə bilər. Sözsüz, biz elit toxumları əsasən xarici ölkələrdən alırıq. Ancaq alınan bu toxumların keyfiyyətinə, onların şəraitə uyğunlaşmasına, səpilməsinə, becərilməsinə xüsusi diqqətlə yanaşılır. İqlim, torpaq, su məsələləri gündəmdə olur və bu da yüksək məhsulun əldə edilməsi üçün vacibdir”.
Komitə sədri ölkədə kifayət qədər kartof ehtiyatının olduğunu qeyd edib:
“Bu sahədə çətinlik yoxdur. Ancaq biz bir dövlət olaraq bağlanmış müqavilələr, əməkdaşlıq sahəsində həm məhsul, həm toxum, həm də digər kənd təsərrüfatı məhsullarını mübadilə etməliyik. Demək olmaz ki, Azərbaycanda kartof toxumu ehtiyatı yoxdur və bu sahədə ciddi çətinliklərimiz var. Ancaq biz istəyərdik ki, daha məhsuldar kartof toxumu əldə edilsin və məhsuldarlıq yüksəldilsin. Sahibkarlar daha çox qazanc əldə edə bilsinlər. Xarici ölkələrdən müəyyən məhsulları idxal etdiyimiz kimi, biz də bir çox məhsulları xarici ölkələrə ixrac edirik. Bu da təbiidir”.
Günay Şahmar, Bizim.Media