Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda yarışa hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.
Qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkənin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.
Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.
Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakı gözlənilir.
Təşkilat Komitəsinin iclası zamanı idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.
Prezident İlham Əliyevin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.