Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı ölkəmizin aqrar siyasətində yeni keyfiyyət mərhələsinin başlanğıcını ifadə edir. Bu sənəd yalnız kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq məqsədi daşımır. Söhbət ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsindən, kənd yerlərində iqtisadi fəallığın artırılmasından, fermer gəlirlərinin dayanıqlı əsaslara keçirilməsindən, aqrar emal sənayesinin inkişafından, ixrac imkanlarının genişləndirilməsindən və qeyri-neft iqtisadiyyatının regional dayaqlarının gücləndirilməsindən gedir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Rövşən Muradov səsləndirdi.
O vurğuladı ki, Prezident İlham Əliyevin aqrar sahəyə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də məhz bu strateji xətti aydın şəkildə ortaya qoyur:
"Müşavirədən görünən əsas məqam budur ki, son illərdə aqrar sahədə mühüm nəticələr əldə edilsə də, mövcud göstəricilər növbəti mərhələdə daha çevik, daha ünvanlı və daha nəticəyönümlü idarəetmə modelinin tətbiqini zəruri edir. Əvvəlki mərhələdə regional infrastrukturun qurulması, texnika təminatının yaxşılaşdırılması, subsidiyaların tətbiqi, suvarma layihələrinin genişləndirilməsi, aqroparkların yaradılması və kənd təsərrüfatı istehsalının sabit inkişaf xəttinə çıxarılması əsas prioritet idisə, yeni mərhələdə bu baza daha yüksək məhsuldarlığa, daha çox əlavə dəyərə və daha güclü ixrac qabiliyyətinə çevrilməlidir. Rəsmi göstəricilər göstərir ki, 2015–2025-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalı real ifadədə 37,8 faiz artmışdır. Bu dövrdə bitkiçilik məhsulları üzrə artım 48,2 faiz, heyvandarlıq məhsulları üzrə 29,6 faiz təşkil etmiş, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə yüksəlmişdir. Lakin bu nəticələrin özü də yeni mərhələnin tələbini müəyyənləşdirir. Bundan sonra əsas hədəf yalnız istehsal həcmini artırmaq yox, istehsalın keyfiyyətini, məhsuldarlığını, səmərəliliyini və iqtisadi gəlirliliyini yüksəltməkdir".
Onun sözlərinə görə, ən diqqətçəkən nümunələrdən biri buğda məsələsidir:
"Azərbaycanın buğda ilə özünütəminetmə səviyyəsinin 55 faiz ətrafında olması, 1 milyon 573 min ton daxili istehsala qarşı 1 milyon 267 min ton idxalın həyata keçirilməsi aqrar siyasətin növbəti mərhələsi üçün ciddi siqnaldır. Bu rəqəmlər onu göstərir ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi yalnız əkin sahələrinin genişləndirilməsi hesabına təmin oluna bilməz. Burada toxumçuluq, suvarma, torpaq münbitliyi, iri təsərrüfat modeli, aqrotexniki xidmət, subsidiyaların nəticə ilə əlaqələndirilməsi və bazar intizamı birlikdə işləməlidir. Taxıl üzrə orta məhsuldarlığın hektardan 3,2 ton olması, hədəfin isə 5 ton səviyyəsində müəyyənləşdirilməsi aqrar siyasətin yeni fəlsəfəsini çox dəqiq ifadə edir. Bu fərq sadəcə statistik fərq deyildir. Bu, ekstensiv inkişaf modelindən intensiv inkişaf modelinə keçidin göstəricisidir. Yeni mərhələ daha çox torpaq əkmək mərhələsi kimi yox, mövcud torpaqdan daha yüksək, daha keyfiyyətli və daha gəlirli məhsul almaq mərhələsi kimi qəbul olunmalıdır. Hər hektarın iqtisadi qaytarımı artırılmalı, hər suvarma sistemi məhsuldarlıq nəticəsi ilə ölçülməli, hər subsidiya fermerin davranışında real dəyişiklik yaratmalıdır".
Deputatın fikrincə, birinci strateji istiqamət su məsələsidir:
"İqlim dəyişiklikləri artıq aqrar siyasətin kənar amili kimi yox, onun mərkəzi şərti kimi çıxış edir. Quraqlıq riskləri, yağıntı rejiminin dəyişməsi, su ehtiyatlarına artan təzyiq və suvarma sistemlərində itkilər kənd təsərrüfatında məhsuldarlığın əsas məhdudlaşdırıcı faktorlarından birinə çevrilir. Dövlət Proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan təxminən 300 min hektara çatdırılması hədəfi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, 170 min hektarlıq əlavə sahə, başqa ifadə ilə 130 faizdən çox artım deməkdir. Belə bir hədəf yalnız texniki yenilənmə kimi deyil, ərzaq təhlükəsizliyi üzrə strateji müdafiə tədbiri kimi dəyərləndirilməlidir. İkinci istiqamət torpaq resurslarının elmi əsaslarla idarə olunmasıdır. Torpaq pasportlaşdırılması, aqrokimyəvi xəritələşdirmə, münbitliyin qiymətləndirilməsi və torpaq konsolidasiyası yeni aqrar siyasətin əsas dayaqları sırasında olmalıdır. Dövlət Proqramında 20 min hektar sahədə torpaqların konsolidasiyasının pilot qaydada tətbiqi, 10 rayon üzrə əkin sahələrinin aqrokimyəvi göstəricilərə uyğun xəritələşdirilməsi, 11 dövlət laboratoriyasının texniki müasirləşdirilməsi və 480 min hektar örüş-otlaq sahəsinin münbitliyinin yaxşılaşdırılması nəzərdə tutulur. Bu tədbirlər göstərir ki, dövlət torpağa artıq sadəcə əkin sahəsi kimi yox, ölçülən, analiz edilən, qorunan və strateji idarə olunan iqtisadi resurs kimi baxır. Üçüncü istiqamət dövlət dəstəyi və subsidiya mexanizmlərinin yenilənməsidir. Son fərman və aparılan dəyişikliklər aqrar sahədə dəstək mexanizmlərinin daha çevik, ünvanlı və nəticəyönümlü əsasda qurulmasına xidmət edir. Əkin və bağçılıq subsidiyalarının 60 faizdən çox olmayan hissəsinin əvvəlcədən ödənilməsini nəzərdə tutan avans mexanizmi fermerlərin mövsümi maliyyə yükünün azaldılması baxımından mühüm praktiki əhəmiyyət daşıyır. Fermer üçün ən çətin mərhələ çox vaxt məhsulun satıldığı dövr yox, istehsalın başladığı dövrdür. Toxum, ting, gübrə, aqrotexniki xidmət, suvarma, yanacaq və işçi qüvvəsi xərcləri əvvəlcədən maliyyə tələb edir. Avans mexanizmi bu baxımdan fermerin istehsala başlama imkanını gücləndirir, kredit asılılığını azaldır və dövlət dəstəyinin daha vaxtında təsir göstərməsinə şərait yaradır. Çoxillik əkmələrin salındığı ilk il ilə bağlı xərclərin bir hissəsinin kompensasiyası bağçılığın uzunmüddətli investisiya xarakterini nəzərə alan düzgün yanaşmadır. Bağçılıq sahəsi ilk illərdə yüksək xərc tələb edir, gəlir isə nisbətən sonrakı illərdə formalaşır. Buna görə dövlət dəstəyinin məhz ilkin mərhələyə yönəldilməsi fermerin riskini azaldır və intensiv bağçılığın genişlənməsini stimullaşdırır".
Rövşən Muradov bildirdi ki, dördüncü istiqamət aqrar emal və dəyər zəncirinin genişləndirilməsidir.
"Azərbaycan bir çox hallarda xammal ixrac edir, emal olunmuş məhsulu isə daha yüksək qiymətlə idxal edir. Bu isə əlavə dəyərin ölkə daxilində tam formalaşmasına mane olur. Pambıq üzrə “mahlıc yox, hazır məhsul” mesajı əslində bütün aqrar sektor üçün strateji tezis kimi qəbul edilməlidir. Məhsul tarladan sadəcə bazara deyil, tarladan emala, emaldan qablaşdırmaya, qablaşdırmadan brendə, brenddən isə ixrac bazarına getməlidir. Beçinci istiqamət heyvandarlıqda məhsuldarlıq və tədarük zəncirinin stimullaşdırılmasıdır. Heyvanların saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı xərclərin bir hissəsinin kompensasiyası üçün heyvan subsidiyasının, həmçinin tədarükçülərə təhvil verilən heyvan mənşəli məhsul və ya xammalın miqdarına görə məhsul subsidiyasının nəzərdə tutulması heyvandarlıqda yeni iqtisadi motivasiya yaradır Altıncı istiqamət balıqçılıq və akvakultura sahəsinin dövlət dəstəyi sisteminə daha geniş daxil edilməsidir. Balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqların güzəştli maliyyələşdirilən kənd təsərrüfatı istehsal vasitələri sırasına daxil edilməsi mühüm yenilikdir. Bu dəyişiklik akvakultura sahəsində investisiya fəallığını artıra, müasir texnologiyaların tətbiqini sürətləndirə və daxili bazarın yerli balıq məhsulları ilə təminatına əlavə imkan yarada bilər. Yeddinci istiqamət aqrar sığorta və risklərin idarə olunmasıdır. Dövlət Proqramında aqrar sığorta xidmətləri ilə təmin edilən sahələrin 386 min hektardan ən azı 1 milyon hektara çatdırılması nəzərdə tutulur. Bu, təxminən 159 faizlik artım deməkdir. Sığorta ilə təmin edilən heyvanların sayının 6,9 min başdan təxminən 100 min başa çatdırılması isə 14 dəfədən çox artım potensialı yaradır. Digər istiqamət isə kənddən şəhərə miqrasiya məsələsidir. “Şəhərdən kəndə qayıdış” fikri yalnız sosial çağırış kimi qəbul edilməməlidir. Bu fikir əslində yeni regional iqtisadi modelin ifadəsidir. İnsan kənddə yalnız torpaq olduğu üçün qalmır. İnsan kənddə gəlir, xidmət, təhsil, səhiyyə, yol, internet, logistika, satış imkanı və sosial perspektiv olduğu halda qalır. Əgər kənddə məhsul istehsal olunur, lakin emal müəssisəsi yoxdursa, əgər yol çəkilib, lakin logistika bahadırsa, əgər fermer məhsul yetişdirir, lakin onu sərfəli qiymətə sata bilmirsə, kəndin iqtisadi cazibəsi zəifləyir. Buna görə aqrar siyasət regional inkişaf, sosial infrastruktur və yerli məşğulluq siyasəti ilə birlikdə icra olunmalıdır".
Milət vəkilinin sözlərinə görə, iqtisadiyyatın əsas qanunlarından biri budur ki, kapital özünü təhlükəsiz, şəffaf və inkişaf edə biləcəyi mühitə yönəldir.
"Aqrar sahədə də investisiya mühiti nə qədər proqnozlaşdırıla bilən və nəticəyönümlü olarsa, özəl sektorun bu sahəyə marağı bir o qədər artacaq. Sahibkar özünü daha güvənli hiss etməlidir. Bu baxımdan dövlət qurumları yalnız sənəd icraçısı kimi deyil, investisiya mühitinin təşkilatçısı kimi fəaliyyət göstərməlidir. İqtisadiyyatın əsas qanunlarından biri budur ki, kapital özünü təhlükəsiz, şəffaf və inkişaf edə biləcəyi mühitə yönəldir. Aqrar sahədə də investisiya mühiti nə qədər proqnozlaşdırıla bilən və nəticəyönümlü olarsa, özəl sektorun bu sahəyə marağı bir o qədər artacaq. Sahibkar özünü daha güvənli hiss etməlidir. Bu baxımdan dövlət qurumları yalnız sənəd icraçısı kimi deyil, investisiya mühitinin təşkilatçısı kimi fəaliyyət göstərməlidir. Nazirlər Kabinetinin müvafiq sərəncamı nəticə indikatorlarının illər üzrə bölgüsünün hazırlanmasını, “e-monitorinq” portalı vasitəsi ilə rüblük hesabatlılığın tətbiqini, layihələrin maliyyə vəziyyəti üzrə məlumatların yerləşdirilməsini və icraçı qurumlarda məsul şəxslərin müəyyən edilməsini nəzərdə tutur. Elektron monitorinq yalnız hesabat platforması kimi fəaliyyət göstərməməlidir, həmçinin hansısa rayonda suvarma layihəsi gecikirsə, bunun məhsuldarlığa, fermer gəlirinə və istehsal hədəfinə təsiri əvvəlcədən görünməli, yaxud əgər hansısa subsidiya mexanizmi gözlənilən nəticəni vermirsə, ona vaxtında yenidən baxılmalı, əgər hansısa məhsul üzrə bazarda bolluq və ya çatışmazlıq riski yaranırsa, bu proses proqnozlaşdırma sistemi vasitəsilə əvvəlcədən müəyyən edilməlidir. Ümumilikdə, 2026–2030-cu illər üzrə Dövlət Proqramı və aqrar sahədə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi bir-birini tamamlayan iki mühüm istiqamət kimi çıxış edir. Dövlət Proqramı strateji hədəfləri müəyyən edir, yeni subsidiya və dəstək mexanizmləri isə həmin hədəflərin fermerin gündəlik istehsal qərarlarına, investisiya davranışına, emal imkanlarına, ixrac hazırlığına və rəqəmsal nəzarət sisteminə çevrilməsini təmin edir. Bu yeni mərhələdə əsas tələb aydındır. Hər hektar torpaq daha məhsuldar, hər damcı su daha səmərəli, hər subsidiya daha nəticəyönümlü, hər fermer daha rəqabətqabiliyyətli, hər kənd daha iqtisadi fəal, hər məhsul isə daha yüksək əlavə dəyər yaradan zəncirin tərkib hissəsi olmalıdır. Məhz belə yanaşma Azərbaycan kənd təsərrüfatını xammal istehsalı modelindən yüksək əlavə dəyər yaradan, texnologiyaya əsaslanan, ixracyönümlü, dayanıqlı və nəticə əsaslı müasir aqrar iqtisadiyyat modelinə keçirəcəkdir", - deyə o fikirlərini yekunlaşdırdı.
NURİYYƏ