Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP) vasitəsilə 7521 kiberhücum indikatoru (IOC) paylaşılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb.
Bildirilib ki, təkcə oktyabr ayında platforma üzərindən 1019 kiberhücum indikatoru paylaşılıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 4 dəfə çoxdur.
Cari ilin əvvəlindən Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən 39 kiberinsident araşdırılıb. Onların 36 faizi zərərli proqram təminatı, 26 faizi fişinq, 15 faizi boşluqların istismarı, 13 faizi korporativ elektron poçt hesablarının ələ keçirilməsi (Business Email Compromise), 5 faizi DDoS hücumları, 3 faizi veb-saytların məzmununun icazəsiz dəyişdirilməsi (Defacement), 2 faizi isə məlumatları şifrələyərək pul tələb edən proqramlarla (Ransomware) bağlı olub.
Hesabat dövründə qeydə alınan insidentlər üzrə 7177 IP ünvanı müəyyən edilib. Bu ünvanların 3146-sı ABŞ-nin, 840-ı Çinin, 664-ü Böyük Britaniyanın, 605-i Rusiyanın, 568-i Almaniyanın, 563-ü Niderlandın, 235-i Hindistanın, 205-i Fransanın, 190-ı Honq Konqun, 161-i isə Sinqapurun payına düşüb.
Qeyd edək ki, Milli Kibertəhlükəsizlik Agentliyinin daxili resursları hesabına yaradılan MISP platforması informasiya və kibertəhlükəsizlik insidentləri barədə məlumatların toplanması, təhdid və hücumlara vaxtında reaksiya verilməsi, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə fəaliyyət göstərir.
Platforma vasitəsilə təşkilatlar qeydə aldıqları insidentlər, kiberhücum indikatorları, zəifliklər və hücum metodları barədə məlumatları paylaşırlar. Bu da kibertəhdidlərin daha operativ aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır.
Hazırda platformaya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mərkəzi aparatı, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarla yanaşı, digər dövlət orqanları və özəl sektorun nümayəndələri də qoşulub. Ümumilikdə MISP platformasında 60-dan çox qurum təmsil olunur.