Azərbaycanda kibertəhdidlərin miqyası açıqlandı

19.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanda cari il ərzində 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox veb-defeysment və DDoS hücumu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

O bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı”nda müəyyənləşdirilən hədəflər aidiyyəti qurumlar tərəfindən icra olunur.

Nazir müavininin sözlərinə görə, əsas məqsəd ölkənin kibertəhlükəsizlik potensialını gücləndirmək, kibertəhdidlərin aşkarlanması və insidentlərə koordinasiyalı cavabvermə mexanizmlərini inkişaf etdirməkdir.

S.Əsədov qeyd edib ki, cari il ərzində aparılan monitorinqlər zamanı 10 APT qrupunun fəaliyyəti də ətraflı araşdırılıb.

O diqqətə çatdırıb ki, ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub. Platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb.

Nazir müavini vurğulayıb ki, əsas hədəf yalnız kibertəhdidlərin aşkarlanması deyil, həm də onların qabaqcadan qarşısının alınması və mümkün insidentlərin dövlət xidmətlərinə təsirinin minimuma endirilməsidir.

O bildirib ki, 2026-cı il 14 iyul tarixli Qanunla informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, vahid koordinasiya mexanizmlərinin, Milli CERT, Milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulub.

S.Əsədov əlavə edib ki, kibertəhlükəsizliyin təmin edilməsində texnoloji vasitələrlə yanaşı, insan kapitalının inkişafı, peşəkar kadr potensialının artırılması və cəmiyyətin rəqəmsal savadlılığının yüksəldilməsi də mühüm əhəmiyyət daşıyır.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью