Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Süni intellektin geniş tətbiqi fonunda Azərbaycanda kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində hansı addımlar prioritet olmalıdır?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, süni intellektin kütləviləşdiyi bir dövrdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində ən vacib addım “Süni intellektlə süni intellektə qarşı müdafiə” modelinə keçiddir.
“Artıq ənənəvi müdafiə sistemləri saniyələr içində mutasiya edən viruslara qarşı yetərli deyil. Buna görə də hücumları real vaxt rejimində aşkarlayan avtonom sistemlərin (AI-driven SOC) tətbiqi mütləqdir. Eyni zamanda, qanunvericilik səviyyəsində “Deepfake” və saxta identifikasiya ilə mübarizə üçün biometrik məlumatların qorunması standartları sərtləşdirilməli, süni intellekt etikasını və məsuliyyətini tənzimləyən milli çərçivə sənədi qəbul edilməlidir. Digər bir prioritet isə kritik infrastrukturun (enerji, su, maliyyə) süni intellekt əsaslı kiber-müharibə ssenarilərinə qarşı dayanıqlığının artırılmasıdır”, - deyə AİKTSA sədri vurğulayıb.