​AZƏRBAYCANDA KİTABLAR NİYƏ SATILMIR? İndi hamı telefona baxır...

29.10.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Müasir Azərbaycan ədəbiyyatında fərqli mövzulara və üslublara müraciət edən müəlliflər olsa da, onların əsərləri geniş oxucu auditoriyasına çatmaqda çətinlik çəkir. Kitabların qiyməti, nəşriyyatların satış imkanları, təbliğatın səviyyəsi və cəmiyyətdə mütaliə vərdişlərinin zəifləməsi bu məsələyə təsir göstərən amillər sırasındadır. Digər tərəfdən, müasir yazıçıların əsərlərinin oxucu marağına nə dərəcədə uyğun olması da müzakirə mövzusudur. 

Azərbaycan ədəbiyyatının daha geniş auditoriya qazanmasına hansı amillər mane olur? Müasir Azərbaycan ədəbiyyatının geniş oxucu auditoriyası qazana bilməməsinin əsas səbəbləri hansılardır?

Mövzu ilə bağlı yazıçı Sevinc Elsevər “Azpolitika”ya açıqlamasında Azərbaycanda kitab satışının vəziyyəti, oxucuların kitaba münasibəti və müasir dövrdə ədəbiyyatın üzləşdiyi çətinliklər barədə fikirlərini bölüşüb.

Xanım yazıçı bildirib ki, illərdir kitab festivallarında iştirak edir və müşahidələrinə əsasən, kitabların qiyməti satışa təsir edən əsas amildir: “Oxucu ucuz kitab istəyir. Xüsusilə uşaqlar üçün kitab alarkən qiymətin münasib olmasına çalışırlar. Nəşriyyatlar yaxşı endirimlər etsələr də, oxucu bununla da qane olmur. Məncə, oxucu ümumiyyətlə, kitaba pul vermək istəmir, onu havayı əldə etməyə çalışır. Hətta bəziləri kitabın evdə yer tutduğunu düşünərək onu almaq belə istəmir”.

Onun sözlərinə görə, kitab festivallarına gələnlərin sayının çox olması heç də kitaba marağın artması demək deyil: “Bəzi insanlar festivallara daha çox təbliğatın təsiri ilə qatılır, şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmağı isə dəb hesab edirlər. İnsanların pulsuz və ya daha ucuz yollarla oxumağa üstünlük verməsi cəmiyyətin kitaba marağının tamamilə itməsi kimi qiymətləndirilməməlidir. Alternativ oxu imkanları mövcud olduqda insanlar kitaba əlavə xərc çəkmək istəmirlər”.

S.Elsevər kitab satışının həcmini də narahatedici hesab edir: “Ən çox satılan kitabın belə beş-altı ay ərzində cəmi 1000 nüsxə, bəzən isə bundan da az satılması ciddi problemdir. Kitab artıq azsaylı, seçilən, xüsusi dünyagörüşünə malik insanların seçiminə çevrilib. Mənə elə gəlir ki, artıq bunu qəbul etmək məcburiyyətindəyik”.

Ədəbiyyatın müasir texnologiyalar və sosial şəbəkələrlə rəqabətinə toxunan yazıçı hesab edir ki, ədəbiyyat özü də dəbdən düşüb: “TikTok-la, ChatGPT ilə döyüşdə ədəbiyyat çox incədir. Hətta bu döyüşdən qaçır, döyüşmək belə istəmir. İnsanlar oxumaqdan çox görmək və eşitmək istəyirlər. Avtobusun pəncərəsindən yolboyu dükanların, restoranların adlarını oxuyan çox az adam qalıb. İndi hamı telefona baxır. Mən uşaqlıqdan bundan həzz almışam. Bilə-bilə ki, orada nə yazılıb, mininci, beş mininci dəfə təkrar oxumaqdan”.

Oğuz Ayvaz

“Azpolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью