Azərbaycanda magistratura müddəti azaldılır? AÇIQLAMA

11.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında magistratura təhsilinin müddətinin 1 ilə endirilməsi təklif edib. O xatırladıb ki, hər il Azərbaycanda magistraturaya qəbulda boş qalan yer sayı 4 min və daha çox olur.

"Çünki gənclər 2 il oxumaq istəmirlər. Bu müddət uzundur və təklif edirəm ki, magistratura təhsili 1 ilə endirilsin".

Təhsil eksperti Məzahir Məmmədli bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, artıq bir neçə ildir magistratura üzrə plan yerləri tam dolmur və kifayət qədər boş yerlər qalır. Məsələn, təkcə ötən il 1200-ə yaxın dövlət sifarişli yer boş qalıb. Ümumilikdə isə 3000-ə yaxın plan yeri doldurulmayıb: 

"Bu il üçün nəzərdə tutulan plan yerləri də tam dolmayıb. İkinci cəhddən sonra magistratura səviyyəsi üzrə yenə 1000-ə yaxın boş yer qalıb. Bu onu göstərir ki, artıq Azərbaycanda əmək bazarında magistratura təhsilinə xüsusi tələbat yoxdur. İşəgötürənlər daha çox peşəkarlığı, bacarığı və kompetensiyaları uyğun gələn şəxslərə üstünlük verirlər. Magistratura diplomu isə bir çox hallarda əsas tələb kimi qoyulmur".

Məzahir Məmmədli: Azərbaycanda əmək bazarında magistratura təhsilinə xüsusi tələbat yoxdur

Ekspert qeyd edib ki, digər tərəfdən, bu gün magistratura pilləsində təhsil almaqda maraqlı olanların böyük hissəsi elmi yaradıcılıqla məşğul olmaq istəyənlərdir:

"Lakin elm sahəsində kifayət qədər perspektiv görməmələri, motivasiyanın aşağı olması və əməkhaqqının yetərli səviyyədə olmaması bu istiqamətə marağın azalmasına səbəb olur. Bu baxımdan, Ceyhun Məmmədovun səsləndirdiyi fikir müəyyən mənada reallığı əks etdirir. Gənclər əlavə vaxt itirmək istəmir, daha tez əmək bazarına daxil olmağa çalışırlar. Bu baxımdan, magistratura təhsilinin müəyyən istiqamətlər üzrə yenidən nəzərdən keçirilməsinin faydası ola bilər. Bəlkə də gələcəkdə bu, müəyyən istiqamət kimi qəbul edilə bilər və gənclər magistratura təhsilinə daha məqsədli şəkildə yanaşarlar".

Günəş Mərd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью