Azərbaycanda məktəblərdə tənəffüs müddəti artırılır?

16.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məktəb və universitetlərdə dərslər arasındakı tənəffüslərin qısa olması şagird və tələbələrin narazılığına səbəb olur. Onlar dərslər arasında dincəlmək, yemək yemək, sanitar qovşaqlardan istifadə etmək və növbəti dərsə hazırlaşmaq üçün kifayət qədər vaxtlarının olmadığını bildirirlər. Xüsusilə sıx dərs qrafiki olan təhsil müəssisələrində qısa tənəffüslər yorğunluğun artmasına və diqqətin zəifləməsinə gətirib çıxara bilər. Bəs tənəffüslərin müddəti hansı meyarlarla müəyyənləşdirilməlidir? Qısa fasilələr şagird və tələbələrin sağlamlığına, dərsə diqqətinə və tədrisin keyfiyyətinə necə təsir edir?

Bu barədə “Yeni Sabah”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb və universitetlərdə tənəffüslərin müddəti bir qədər artırılmalıdır:

“Bu, həm şagirdlər, həm tələbələr, həm də müəllimlər üçün faydalı olar. Çünki tənəffüs zamanı, məsələn, universitetdə bir korpusdan digərinə keçmək, məktəblərdə isə bir sinifdən başqa sinfə və ya bir mərtəbədən digərinə qalxıb-düşmək lazım gəlir. Buna görə də tənəffüs müddətinin bir qədər uzadılmasına ehtiyac var. pizza mizza

Həm müəllimlər, həm tələbələr, həm də şagirdlər tənəffüs vaxtından səmərəli istifadə etməlidirlər. Bu müddətdə kimsə təbii ehtiyaclarını ödəyə, kimsə qidalana, digəri isə su içə bilər. Düşünürəm ki, bu məsələyə yenidən baxmaq olar.

Dünyanın təhsil göstəriciləri yüksək olan ölkələrinə nəzər salsaq, məsələn, Finlandiyada hər 45 dəqiqəlik dərsdən sonra şagirdlərə təxminən 14 dəqiqəlik fasilə verilir. Mümkün qədər çalışırlar ki, şagirdlər tənəffüs zamanı məktəbin həyətinə, açıq havaya çıxsınlar və bir qədər təmiz hava alsınlar. Bu, beynin oksigenlə təmin olunmasına və şagirdlərin növbəti dərsə daha yaxşı fokuslanmasına kömək edir”.

E.Əfəndi bildirib ki, ABŞ-nin bəzi ştatlarında, məsələn, Pensilvaniyada şagirdlərə gün ərzində orta hesabla 20-30 dəqiqə tənəffüs vaxtı ayrılır:

“Fransa və Böyük Britaniyada da fasilələrin müddəti 20 dəqiqədən 45-50 dəqiqəyə qədər dəyişə bilir. Bu zaman həm nahar, həm də istirahət üçün imkan yaradılır.

Yaponiya və Cənubi Koreya kimi ölkələrdə isə bir neçə saatlıq dərsdən sonra şagirdlərə və tələbələrə əlavə istirahət və fəaliyyət vaxtı verilir. Bu müddətdə onlar yorğunluqlarını aradan qaldıra, qidalana və açıq havada vaxt keçirə bilirlər. Daha sonra tədris prosesinə davam edirlər.

Düşünürəm ki, bizdə də tənəffüslərin qısa olması məsələsinə yenidən baxılmalı və fasilələrin müddəti bir qədər artırılmalıdır.

Tənəffüslərin qısa olması şagirdlərin və tələbələrin həm fiziki, həm də psixoloji vəziyyətinə təsir göstərir. Fasilə müddəti uzadıldıqda onların qidalanmasına, inkişafına və sosiallaşmasına daha müsbət təsir etmək mümkündür. Zehni yorğunluğu aradan qaldırmaq və dincəlmək üçün minimum 15-20 dəqiqə vaxt lazım olduğunu düşünürəm.

Şagirdlərin və tələbələrin yemək yeməyə, su içməyə və təbii ehtiyaclarını qarşılamağa vaxt çatdıra bilməməsi müəyyən problemlərə səbəb olur. Bu, bəzilərində dərs zamanı diqqət dağınıqlığı yarada, vaxtında qidalanmamaq isə mədə-bağırsaq problemlərinə və digər sağlamlıq çətinliklərinə gətirib çıxara bilər.

Ona görə də düşünürəm ki, tənəffüs müddətləri artırılmalı və bu vaxtdan səmərəli istifadə etmək üçün şagirdlərə və tələbələrə daha əlverişli şərait yaradılmalıdır”.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью