Azərbaycanda meymunçiçəyi qeydə alınıb? Rəsmi AÇIQLAMA

03.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Son günlər Rusiyada meymunçiçəyi (mpox) virusuna yoluxma halları artıb. Bu, adıçəkilən infeksiyanın region ölkələri üçün mümkün riskləri ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı Bakvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında bildirib ki, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir və tam nəzarət altındadır.

Bildirilib ki, meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Şübhəli halların vaxtında aşkarlanması üçün laborator diaqnostika imkanları və müvafiq klinik protokollar mövcuddur.

Nazirliyin məlumatına görə, tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqlarına diqqətli olmaq tövsiyə olunur.

Qeyd olunub ki, Rusiyada meymunçiçəyi virusu ilə yoluxma hallarının qeydə alınmasına baxmayaraq, hazırda Azərbaycan üçün bu xəstəliklə bağlı real epidemioloji təhlükə mövcud deyil.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью