Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Azərbaycanda mikrosahibkarlar üçün bəyannamələrin əvvəlcədən doldurulması tətbiq ediləcək.
525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi Samir Xalıqov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, vergi xidmətində rəqəmsallaşmanı yalnız nəzarət fəaliyyəti kimi deyil, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onların məmnunluğunun artırılması baxımından qiymətləndirilir: "Əsas prinsipimiz dövlətin əldə etdiyi məlumatları təkrarən sahibkarlardan tələb etməmək və vergi ödənişlərini mümkün qədər sadələşdirməkdir. Bu istiqamətdə əsas alətlərimizdən biri bəyannamələrin əvvəlcədən doldurulması, yəni pre-filling mexanizmidir. Sadələşdirilmiş vergi üzrə tətbiq olunan bu yanaşmanın yaxın günlərdə mikrosahibkarlar üçün də istifadəyə verilməsi nəzərdə tutulur. Sistem mövcud məlumatlar əsasında bəyannamənin müvafiq sətirlərini əvvəlcədən doldurur, vergi ödəyiciləri isə həmin məlumatları yoxlayaraq təsdiqləyirlər".
S.Xalıqov qeyd edib ki, bəyannamələrin mobil tətbiq vasitəsilə təqdim edilməsi istiqamətində də işlər görüləcək: "Bu, xüsusilə stasionar kompüterlərə çıxışı məhdud olan mikrosahibkarlar üçün əhəmiyyətlidir. Eyni zamanda, ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (pre-filling) imkanlarının genişləndirilməsi də əsas prioritet istiqamətlərimizdəndir. Rəqəmsal vergi inzibatçılığının mühüm istiqamətlərindən biri də dövlət qurumları arasında məlumat mübadiləsinin və informasiya sistemlərinin inteqrasiyasının genişləndirilməsidir. Hazırda Dövlət Vergi Xidməti 35 dövlət qurumundan məlumat əldə edir, iki dövlət qurumuna isə məlumat təqdim edir. Bu inteqrasiyaların əsas məqsədi dövlət qurumlarının malik olduğu məlumatlardan qarşılıqlı istifadə etməklə xidmətlərin operativliyini və keyfiyyətini artırmaq, eləcə də qurumlararası koordinasiyanı genişləndirməkdir".