“Azərbaycanda Nipah virusunun risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər”

26.01.2026

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ÜST Hindistanda ölümcül Nipah virusunun yayılması ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, bu virus yeni pandemiya potensialına malikdir. Nipah virusu yoluxma hallarının 40–70 faizində ölümə səbəb olur. Hazırda bu virusa qarşı nə peyvənd, nə də xüsusi müalicə üsulu mövcuddur. Yoluxmanın əsas mənbəyi yarasalar və ya çirklənmiş meyvələr hesab olunur.Virusun ölkədə yayılma riskinə qarşı sərhəd və karantin qaydalarında hansı tədbirlər nəzərdə tutulub?Hazırda ölkədə belə viruslara qarşı tibbi hazırlıq və reaksiya planı mövcuddurmu?

Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə sorğu ünvanladıq.

Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, Nipah virusu ilə bağlı əhaliyə real təhlükə yoxdur: “Azərbaycanda hazırda Nipah virusu ilə bağlı heç bir yoluxma halı qeydə alınmayıb. Virus ölkəmiz üçün endemik sayılmır və mövcud epidemioloji vəziyyətə əsasən, əhaliyə real təhlükə yoxdur. Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır.

Nipah virusu Paramyxoviridae ailəsinə aid, zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas və nadir hallarda xəstə insandan hava-damcı yolu ilə yoluxa bilər.

Xəstəliyin inkubasiya dövrü adətən 5-14 gün, bəzi hallarda isə 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş və əzələ ağrısı, boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır.

Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır”.

Qurum vəziyyətin daim onlar tərəfindən izlənildiyini bildirib: “Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduqda, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələr aparılır. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların məlumatları mütəmadi izlənilir.

Profilaktik tədbirlər:

Yarasalar tərəfindən çirkləndirilmiş meyvələri yuyulmadan yeməməkPasterizə olunmamış meyvə şirələrindən çəkinməkXəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə etmək

Hazırda əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət etmək kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslər öz sağlamlıqlarını izləməli və hər hansı şübhəli simptom yaranarsa, vaxtında həkimə müraciət etməlidir. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью