Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda avtomobil bazarında köhnə maşınlara tələbatın yüksək olması həm əhalinin alıcılıq qabiliyyəti, həm də yeni avtomobillərin qiymətini gündəmə gətirir.
Bir çox vətəndaş üçün yeni avtomobil almaq yüksək maliyyə xərcləri tələb etdiyindən, seçim daha münasib qiymətə təklif olunan işlənmiş avtomobillərə yönəlir.
Bununla yanaşı, avtomobil idxalına tətbiq edilən gömrük rüsumları, vergilər və digər ödənişlər də nəqliyyat vasitələrinin son satış qiymətinə təsir göstərir. Köhnə avtomobillərin idxalına qoyulan məhdudiyyətlər isə bazarda qiymətlərin formalaşması, avtomobillərin əlçatanlığı və ölkədəki avtoparkın yenilənməsi məsələlərini gündəmə gətirir.
Bəs mövcud vergi və idxal siyasəti avtomobil bazarına necə təsir edir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda köhnə avtomobillərə tələbatın yüksək olmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyəti ilə yeni avtomobillərin qiymətləri arasındakı fərqdir:
“Yeni avtomobillərin baha olması, idxal zamanı gömrük rüsumları, ƏDV, aksiz vergisi və digər xərclərin qiymətə əlavə edilməsi vətəndaşları daha ucuz, işlənmiş avtomobillərə yönəldir. Bir çox alıcı üçün avtomobil seçərkən əsas meyar onun texniki vəziyyətindən və yanacaq sərfiyyatından əvvəlki qiymətidir.
Köhnə avtomobillərin idxalına məhdudiyyətlər ekoloji vəziyyətin yaxşılaşdırılması və avtoparkın yenilənməsi baxımından müəyyən üstünlüklər yaratsa da, alternativ avtomobillər əlçatan olmadıqda bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
İdxal xərclərinin yüksək olması vətəndaşların seçim imkanlarını məhdudlaşdırır, bəzi hallarda isə daha köhnə avtomobillərin ölkə daxilində uzun müddət istifadəsini stimullaşdırır. Buna görə də məqsəd yalnız köhnə avtomobillərin idxalını məhdudlaşdırmaq deyil, həm də yeni və daha ekoloji təmiz avtomobilləri əhali üçün əlçatan etmək olmalıdır”.
Ekspert qeyd edib ki, bunun üçün vergi siyasəti, güzəştli maliyyələşmə və ictimai nəqliyyatın inkişafı paralel həyata keçirilməlidir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin