Azərbaycanda palma yağı qadağan edilir? AÇIQLAMA

29.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Dövlət Dumasında məktəb və tibb müəssisələrində tərkibində palma yağı olan ərzaq məhsullarının alınmasının qadağan olunması təklif edilib. 

Bəs bu cür qadağa ölkəmizdə də tətbiq edilə bilərmi? Palma yağının fəsadları nələrdir?

Bakıvaxtı.az-ın suallarını Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova cavablandırıb.

O bildirib ki, palma yağı ilə bağlı hər zaman ziddiyyətli fikirlər var:

"Burada diqqət çəkən əsas məqamlardan biri palma yağını kimin nə qədər istifadə etməsi və emal prosesidir. Düzgün emal olunmuş və xüsusilə palma meyvələrindən alınan yağdan istifadə olunmalıdır ki, bu da qırmızı palma yağı kimi tanınır. Bu, meyvənin özündən alınır, tərkibində "A" və "E" vitaminləri var və daha az emal olunmuş formasıdır".

Mütəxəssisin sözlərinə görə, rafinə olunmuş palma yağında vəziyyət fərqlidir:

"Belə ki, bu yağa birbaşa zərərlidir demək düzgün olmaz, lakin tərkibinin 50 faizinə qədəri doymuş yağlardan ibarətdir. Rafinə olunmuş palma yağında qoxusu, rəngi, dadı azaldıldığı üçün tərkibində doymuş yağ turşularının miqdarı artır. Xüsusilə qida sənayesində, şirniyyatların, kremlərin, unlu məmulatların hazırlanmasında istifadə olunur. Davamlı olaraq doymuş yağı qəbul edən insanlarda xolesterin kimi tanıdığımız LDL səviyyəsi artır. Bu da ürək-damar xəstəlikləri riskinə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı da öz açıqlamalarında bunu qeyd edir. Ona görə tövsiyə olunur ki, gündəlik qəbul edilən yağın 10 faizini palma yağı və ya digər doymuş yağlar təşkil edə bilər", - deyə müsahibimiz vurğulayıb.

Məhsəti Hüseynova:  

Ekspert qeyd edib ki, palma yağının bir çox ölkədə qadağan olunmasının iki səbəbi var:

"Biri sağlamlıqla, digəri ekologiyanın qorunması ilə bağlıdır. Palma yağı ilə hazırlanan məhsulların rəf ömrü uzun və ucuz başa gəldiyinə görə daha çox istifadə olunur. Bu isə palma meşələrinin, xüsusilə tropik meşələrin kütləvi qırılmasına gətirib çıxarır. Premium məhsullarda "Palma yağı yoxdur" yazısının olmaması təsadüfi deyil. Bəzi premium məhsullarda, xüsusilə uşaq qidalarında, şirniyyatlarda, şokoladlarda böyük hərflərlə "palma yağı yoxdur" yazılması onun daha keyfiyyətli və sağlam yağlardan istifadə olunduğunu vurğulayır. Burada da istehlakçının seçiminə buraxılır".

M. Hüseynova tövsiyə edib ki, palma yağı gündəlik qida rasionunda olmamalıdır.

"100 qram palma yağının tərkibində 49-52 qrama yaxın doymuş yağ var. Tərkibində doymuş və doymamış yağlar eyni anda mövcuddur. Yaxşı olar ki, xüsusilə 20-25 yaşa qədər olan insanlar gündəlik qida kimi bu yağlardan istifadə etməsinlər. Az-az, ara fasilələrlə və dediyimiz 10 faizlik miqdarı keçməmək şərti ilə qəbul edilərsə, zərərli olmaz", - deyə mütəxəssis izah edib.

Gülşən Şərif 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью