Azərbaycanda qeyri adi heç nə baş vermir

28.02.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Bloomberq, "Rossiya seqodnya" mediaqrupuna daxilolan "Sputnik Azərbaycan", eləcə də, BBC Azərbaycanca kimi xarici media orqanlarının Azərbaycandakı nümayəndəlikləri bağlanıb. Bu media orqanları Azərbaycanda yalnız bir nəfər müxbir saxlaya bilər. "Qolos Ameriki" radiostansiyasının isə Azərbaycandakı müxbirinin akkreditasiyası ləğv edilib.

Əlbəttə ki, istənilən halda media orqanlarının, jurnalistlərin işinin məhdudlaşdırılması heç vaxt birmənalı qarşılanmır. Ancaq bu qərarlar qəbul edilərkən, adlarını çəkdiyimiz media strukturlarının fəaliyyətinin gerçək parametrləri nəzərə alınıb.

Hər halda media ekspertləri belə fikir bildirirlər ki, bu media strukturlarının Azərbaycanda fəaliyyətinin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Həmin media qurumlarının mənsub olduqları dövlətlərin, yaxud şirkətlərin maraqlarından çıxış etdiyi önə çəkilir. Onların Azərbaycanda "oturub", geniş şəbəkə qurub, Azərbaycana qarşı işlədiyinə dair mülahizələr var. Bunu əsaslandırmaq üçün Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, eləcə də, Qarabağ müharibəsinin işıqlandırılmasına münasibət misal olaraq göstərilir. Bu münasibətin çox hallarda qeyri-obyektiv, hətta qərəzli olduğuna dair faktlar gətirilir. O cümlədən, COP29 bariz nümunədir. Həmin konfrans Bakıda keçirildiyi günlərdə xarici mediada, xüsusilə, USAİD-dən qidalanan media platformalarında Azərbaycana qarşı tənqidi məqalələr axınla gəlirdi. Özünü obyektiv sayan media Azərbaycan əleyhinə kampaniya aparmaqdan yorulmurdu. Bu, görünür, məlum qərarların qəbul edilməsi üçün birinci səbəbdir.

İkinci səbəb: xarici ölkələrin media qurumlarının Azərbaycanda təmsilçiliyi Azərbaycan media orqanlarının xarici ölkələrdəki təmsilçiliyi ilə mütənasib deyil. Çox hallarda Azərbaycan jurnalistlərinin akkreditə olunmaaına razılıq verilmir, əngəllər yaradılır. Azərbaycanda qəbul edilən qərarlar, əslində, adekvat, assimmetrik cavab məqsədi də daşıya bilər. Və nəhayət, başqa bir səbəb Azərbaycanın özünün xaricidilli məlumat mənbələrinin - media strukturları şəbəkəsinin getdikcə genişlənməsidir. Xarici dillərdə yerli yayımlar, informasiya məhsulları çoxalır. Xarici dillərdə telekanallar, saytlar yaradılır, informasiya agentliklərinin xarici dillərdə bölmələri var. Bunlar daha da genişlənir. Əcnəbi informasiya istehlakçılarının yerli xəbər mənbələrinə yönləndirilməsi məqsəd kimi qarşıya qoyula bilər. Bu proses, görünür, yerli medianın dünyaya çıxış imkanlarını daha da artırmağa yönəlib.

Başqa səbəblər də ola bilər. Hər halda dövlətin öz informasiya məkanını qorumağa çalışması təbiidir. Dövlətin ərazisi təkcə torpaqdan, su hövzələrindən, hava məkanından ibarət deyil, informasiya məkanı, media məkanı, eləcə də, kiberməkanı da var. Ona görə də informasiya təhlükəsizliyi hər bir ölkənin prioritetləri sırasındadır. Coğrafi ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı qorunduğu kimi, informasiya ərazisinin bütövlüyü və informasiya sərhədləri də toxunulmaz qalmalıdır. Odur ki, Azərbaycanı bu son qərarlarını təhlil edərkən başqa ölkələrin təcrübəsinə və qərarlarına da baxmaq lazımdır. Bu kontekstdən yanaşanda Azərbaycanda da qeyri-adi heç nə baş vermir.

Seyid Əhmədli, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью