Azərbaycanda qeyri iş günləri azaldılmalıdır? AÇIQLAMA

06.11.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanda il ərzində çoxsaylı bayram və qeyri-iş günlərinin olması ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərir. Xüsusilə, uzunmüddətli tətil günləri istehsalın, ticarətin, logistikanın və biznes fəaliyyətinin zəifləməsinə, iqtisadi dövriyyənin ləngiməsinə səbəb ola bilər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Asif İbrahimov deyib. O qeyd edib ki, bu məsələyə yalnız qeyri-iş günlərinin sayı prizmasından yanaşmaq düzgün deyil:

"Burada daha dərin və sistemli iqtisadi problemlər mövcuddur. Azərbaycanın mövcud iqtisadi modelinin əsas problemlərindən biri həddindən artıq mərkəzləşmə və biznesin dövlət qurumlarından asılı vəziyyətdə qalmasıdır. Özəl sektorun bir çox fəaliyyəti dövlət orqanlarının icazələrindən, sənədləşmə proseslərindən, gömrük prosedurlarından, bank əməliyyatlarından və müxtəlif inzibati razılaşdırmalardan asılıdır. Bu asılılıq biznesin müstəqil və fasiləsiz fəaliyyət imkanlarını məhdudlaşdırır. Nəticədə dövlət qurumları bir neçə gün işləmədikdə, bunun təsiri yalnız həmin qurumların fəaliyyəti ilə məhdudlaşmır. Bütün iqtisadi zəncirə yayılır. Bir sənədin təsdiqlənməməsi, gömrük rəsmiləşdirilməsinin gecikməsi, icazənin verilməməsi və ya bank əməliyyatlarının dayanması onlarla şirkətin fəaliyyətinə təsir göstərə bilir. Dörd-beş günlük inzibati fasilə bəzi müəssisələr üçün on günlük iqtisadi itkiyə çevrilir. Məsələn, istehsal müəssisəsi işləməyə hazır olsa da, xammalın idxalı, gömrük rəsmiləşdirilməsi və digər zəruri prosedurlar dayanırsa, onun istehsalı davam etdirməsi çətinləşir. Bu zaman təkcə həmin müəssisə deyil, onunla əlaqəli təchizatçılar, daşıyıcılar, satış şirkətləri və digər biznes subyektləri də itki ilə üzləşir”.

Ekspert vurğulayıb ki, uzunmüddətli tətil günləri istehsal həcminin azalmasına, sifarişlərin gecikməsinə, əmək məhsuldarlığının aşağı düşməsinə və bəzi hallarda ixrac imkanlarının itirilməsinə səbəb ola bilər:

"Bunlar da ümumi daxili məhsulun artım tempinə mənfi təsir göstərən amillərdir. Əlbəttə, hər qeyri-iş günü avtomatik olaraq ÜDM itkisi demək deyil. Bayram günlərində turizm, restoran, hotel və əyləncə sektorunda dövriyyə arta bilər. Ancaq bu artım digər sahələrdə yaranan istehsal itkilərini həmişə kompensasiya etmir. Azərbaycanda bu məsələyə münasibətdə ciddi iqtisadi hesablama aparılmalıdır. Hər il qeyri-iş günlərinin istehsala, ixraca, büdcə daxilolmalarına və özəl sektorun dövriyyəsinə təsiri qiymətləndirilməlidir. Sadəcə təqvimdə günlərin artırılması ilə iqtisadiyyatın sosial və iqtisadi maraqları arasında tarazlıq yaratmaq mümkün deyil.

Əsas məsələ insanların istirahət hüququ deyil, iqtisadi sistemin fasiləsiz işləmək qabiliyyətidir. İnkişaf etmiş iqtisadiyyatlarda biznes konkret dövlət qurumunun və ya məmurun iş qrafikindən bu qədər asılı olmamalıdır. Elektron xidmətlər, avtomatlaşdırılmış prosedurlar, çevik gömrük və inzibati mexanizmlər bu asılılığı minimuma endirməlidir”.

Asif İbrahimovun fikrincə, Azərbaycanda isə bəzən dövlət qurumlarının fəaliyyətdə olmadığı günlərdə özəl sektorun da bir hissəsi faktiki olaraq gözləmə rejiminə keçir:

"Bu, iqtisadi modelimizin dayanıqlılığı ilə bağlı ciddi suallar yaradır. Dövlətin vəzifəsi biznesin hər addımını idarə etmək deyil, onun sərbəst, rəqabətli və fasiləsiz fəaliyyət göstərə bilməsi üçün şərait yaratmaqdır. Əgər dövlət qurumu beş gün işləmədikdə iqtisadiyyatın müəyyən sahələri də beş gün dayanırsa, problem bayram təqvimində deyil, iqtisadi idarəetmə modelindədir. Azərbaycan iqtisadiyyatı həddindən artıq mərkəzləşdirilmiş inzibati asılılıqdan daha çevik, rəqabətli və özəl sektorun təşəbbüskarlığına əsaslanan modelə keçməlidir. Biz iqtisadi artımdan danışırıqsa, yalnız neft gəlirlərini və büdcə xərclərini deyil, real istehsalı, əmək məhsuldarlığını və biznesin müstəqilliyini də əsas göstəricilər kimi qəbul etməliyik. İqtisadiyyatın gücü neçə gün istirahət etməyimizlə deyil, neçə gün və hansı məhsuldarlıqla işləməyimizlə ölçülməlidir”.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью