Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Son günlər Azərbaycanda qida zəhərlənməsi halları yenidən gündəmə gəlib.
Dünən Lənkəran rayonunun Osaküçə kəndində eyni ailənin 11 üzvü, o cümlədən 3 azyaşlı qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmaya görə, ailə üzvləri evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru istehlak etdikdən sonra özlərini narahat hiss ediblər.
Bundan əvvəl, 29 oktyabr 2026-cı ildə Qax rayonunda da 7 nəfər göbələkdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Belə hadisələrin qısa müddət ərzində təkrarlanması qida təhlükəsizliyi, məhsulların saxlanma şəraiti və məişət şəraitində konservləşdirilən qidaların düzgün hazırlanması məsələlərini yenidən aktuallaşdırır.
Maraqlıdır, son zamanlar zəhərlənmə halları niyə artıb?
Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, qida zəhərlənmələrinin əsas səbəbləri məhsulların düzgün saxlanılmaması, hazırlanma zamanı sanitar-gigiyenik qaydalara əməl edilməməsi, soyuq zəncirin pozulması və mənşəyi məlum olmayan qidaların satışıdır:
“Xüsusilə ət, toyuq, balıq, süd məhsulları və hazır yeməklər uyğun temperaturda saxlanılmadıqda mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır.
Bununla yanaşı, istehlakçıların da məsuliyyəti var. Ev şəraitində qidaların düzgün saxlanılmaması, çiy və bişmiş məhsulların eyni qabda yerləşdirilməsi, eləcə də şübhəli məhsulların istehlakı zəhərlənmə riskini artırır.
Lakin problemi yalnız istehlakçı diqqətsizliyi ilə əlaqələndirmək düzgün deyil. Əsas məsuliyyət istehsalçı və satıcıların üzərinə düşür. İlk növbədə qida istehsalı, daşınması, saxlanması və satışı mərhələlərində dövlət nəzarəti gücləndirilməlidir.
Restoranlarda, şadlıq evlərində və digər ictimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara əməl olunması, məhsulların laborator müayinəsi və temperatur rejiminə nəzarət xüsusi əhəmiyyət daşıyır.
Müəssisələrdə HACCP sisteminin (Hazard Analysis and Critical Control Points — Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) tətbiqi də qida təhlükələrinin əvvəlcədən müəyyənləşdirilməsinə kömək edir”.
Onların sözlərinə görə, istehlakçılar məhsul alarkən istehsal və son istifadə tarixini, qablaşdırmanın bütövlüyünü, saxlanma şəraitini və mənşəyini yoxlamalıdırlar:
“Evdə isə çiy və bişmiş məhsullar ayrı saxlanılmalı, yeməklər kifayət qədər bişirilməli və otaq temperaturunda uzun müddət saxlanılmamalıdır. Bir məqamı da unutmaq olmaz: qidanın normal görünməsi və qoxusu onun təhlükəsiz olduğuna zəmanət vermir. Qida təhlükəsizliyi dövlət qurumlarının, sahibkarların və istehlakçıların birgə məsuliyyətidir”.
Mütəxəssis qeyd edib ki, əsas məqsəd zəhərlənmə baş verdikdən sonra nəticələri aradan qaldırmaq deyil, risklərin əvvəlcədən qarşısını almaq olmalıdır.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: zəhərlənmə Fərid Səfərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin