Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 fevral, Cavid Əliyev, AZƏRTAC
Son illərdə Azərbaycanda idmanın bütün sahələrində olduğu kimi, qış idman növlərinin inkişafı istiqamətində də mühüm addımlar atılır. Ölkənin coğrafi və iqlim xüsusiyyətləri qış idmanının inkişafı üçün əlverişli imkanlar yaradır. Xüsusilə dağlıq ərazilər bu baxımdan böyük potensiala malikdir.
İnfrastrukturun formalaşdırılması və kütləvilik
Qış idman növlərinin inkişafında əsas amillərdən biri müasir infrastrukturun yaradılmasıdır. Bu sahədə ən mühüm layihələrdən biri “Şahdağ” Turizm Mərkəzinin inşa olunmasıdır. Burada xizək sürmə, snoubord, kanat yolları və digər qış idman növləri üçün beynəlxalq standartlara cavab verən şərait yaradılıb. Bundan əlavə, bölgələrdə yeni idman bazalarının salınması bu sahəyə marağı daha da artırır.
Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğı qış idman növlərinin inkişafında da özünü açıq şəkildə göstərir. Qış İdman Növləri Federasiyası vasitəsilə gənclərin bu idman növlərinə cəlb olunması, məşqçi hazırlığı və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində ardıcıl işlər görülür. İdmançıların beynəlxalq yarışlarda iştirakı onların peşəkar inkişafına mühüm töhfə verir.
Qış idman növlərinin davamlı inkişafı üçün gənclərin bu sahəyə marağının artırılması əsas şərtlərdən biridir. Məktəblilər və tələbələr arasında qış idman növlərinin təbliği, maarifləndirici tədbirlərin təşkili və idman festivalları bu məqsədə xidmət edir. Bu da sağlam həyat tərzinin formalaşmasına müsbət təsir göstərir.
Beynəlxalq yarışlar gələcək uğurlar üçün mühüm zəmin yaradır
Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova da son illərdə ölkəmizdə qış idman növlərinin sürətlə inkişaf etdiyini bildirib: “Son üç ilin nəticəsi olaraq, xizək alpinizmi üzrə milli komanda formalaşdırılıb. Ötən il Dünya Kubokuna ev sahibliyi etdik. Bu da bizim Avropa çempionatını keçirməyimizə imkan yaratdı. Eyni zamanda, Dünya Kuboku turniri də baş tutacaq. Bu yarışlarda Nəzrin Qəribova, Nəbiyulla Qələbəliyev, Abel İsmixanov, Elməddin Həsənov, Nurid Şəkərəliyev, Anid Sultanov böyüklər və yeniyetmələr kateqoriyasında bizi təmsil edəcəklər. Bununla yanaşı, ilk dəfə ölkəmizdə 14-15 mart tarixlərində moqul üzrə Dünya Kubokunun final mərhələsi baş tutacaq. Burada müxtəlif ölkələrdən 30 ən yaxşı kişi və qadın idmançı iştirak edəcək. Bu yarışların təşkili qış idman növlərinin inkişafına müsbət təsir edir, eləcə də daha çox gəncin bu idman növünə marağının artmasına dəstək olur. Son illərdə turizm mərkəzlərinə gələn yerli əhali snoubord və dağ xizəyi ilə məşğul olur. Bu da inkişafın və marağın bir sübutudur. Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada təşkil olunan “Trofeu Borrufa” adlı beynəlxalq xizək turnirində 5-ci oldu. Bildiyiniz kimi, fiqurlu konkisürmə üzrə Vladimir Litvintsev və dağ xizəyində isə Anastasiya Papatoma Qış Olimpiya Oyunlarına lisenziya qazandı. Düşünürəm ki, Azərbaycan gələcəkdə daha böyük yarışlara qapı açacaq”.
Azərbaycan idmançılarının qış idman növləri üzrə beynəlxalq yarışlarda iştirakı ölkənin idman imicinin yüksəlməsinə xidmət edir. Bu yarışlar həm təcrübə mübadiləsi, həm də gələcək uğurlar üçün mühüm zəmin yaradır.
Prezidentdən qış idman növlərinə yüksək diqqət
“Bu il Şahdağda dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib. Hər il Azərbaycanda ya dünya, ya da Avropa çempionatının keçiriləcəyini qeyd edən dövlətimizin başçısı bildirib: “Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu”.
Göründüyü kimi, Azərbaycanda qış idman növlərinin inkişafı dövlət səviyyəsində diqqət mərkəzindədir. Son illərdə Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq arenalarda bayrağımızı dalğalandırması bunun bariz nümunəsidir.
Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycanda qış idman növlərinin inkişafı üçün geniş potensial mövcuddur. İnfrastruktur layihələri, dövlət dəstəyi və gənclərin fəal iştirakı bu sahənin gələcəkdə daha da inkişaf edəcəyinə ümid yaradır. Qarşıdakı illərdə qış idman növlərinin ölkədə daha geniş yayılması və beynəlxalq uğurların artması gözlənilir.
Qeyd edək ki, xizək alpinizmi üzrə Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kuboku isə martın 6-8-də keçirilməsi planlaşdırılır. Eyni zamanda, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-dək "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.