Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycanda 8–12 dekabr tarixlərində quş qripi xəstəliyinə qarşı genişmiqyaslı epizootoloji monitorinq aparılacaq. İşlər çərçivəsində ölkə üzrə müxtəlif ərazilərdə vəhşi və ev quşlarından diaqnostik nümunələr götürüləcək, risk zonalarına xüsusi nəzarət tətbiq olunacaq”.
Bu barədə “Yeni Sabah”a Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məlumat verilib.
Məlumatda bildirilib ki, monitorinq ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq və dənizsahili ərazilərini, digər riskli sahələri əhatə edəcək:
“Vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkarlanması məqsədilə ovlanma aparılacaq. Bundan başqa, sənaye əsaslı quşçuluq müəssisələrində və müxtəlif rayonlardakı ailə təsərrüfatlarında saxlanılan ev quşlarından nümunələr götürüləcək. Həmçinin müəssisələrdə, təsərrüfatlarda, su hövzələrində və parklarda ümumi baxış keçiriləcək, maarifləndirmə və təbliğat tədbirləri icra olunacaq. Toplanmış epizootoloji məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək”.
Monitorinq Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu, Aqrar Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə həyata keçiriləcək. Götürülmüş bütün nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq.
Aytac Əliyeva