Azərbaycanda rəqəmsal inqilab

12.02.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər".

Bu cümlələr Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitektirası" adlı fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışındandır.

Prezident rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsi, eləcə də, dövlət idarəçiliyində Süni İntellekt (Aİ) agentlərinin geniş iştirakının təmin olunması barədə öz fikirlərini bölüşdü və tapşırıqlarını verdi.

Bu məsələyə xüsusi diqqət göstərilməsi səbəbsiz deyil. Məlumdur ki, Sİ üzrə mötəbər beynəlxalq institutların araşdırmalarına və hesablamalarına görə, 2030-cu ilədək dünyada Aİ-in yaradacağı əlavə dəyər 16 trilyon ABŞ dolları həcmində olacaq. Hətta bəzi gözləntilərə görə, bu rəqəm 20 trilyon ABŞ dollarına da çata bilər. Azərbaycan da öz iqtisadiyyatını ənənəvi platformadan rəqəmsal platformaya keçirsə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edəcək. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşavirədəki məruzəsindən məlum olur ki,

Azərbaycan hazırda 100 milyon ABŞ dolları həcmində informasiya texnologiyaları (İKT) məhsulu ixrac edir. Bu da, nazirin dediyi kimi, ölkənin potensialından aşağıdır. Nazirin dediyinə görə, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" fəaliyyət planında nəzərdə tutulan işlər görülsə, bu rəqəmi 1 milyard dollara çatdırmaq və daha da artırmaq olar.

Məlumdur ki, düntada Sİ infrastrukturunun və hesablama gücünün çox yüksək olduğu və ya sürətlə artdığı ölkələr var. ABŞ bu sahədə qlobal liderdir. Dünyadakı Sİ infrastrukturunun və hesablama gücünün tən yarısı Birləşmiş Ştatlardadır. Azəbaycanın Birləşmiş Ştatlarla bu fünlərdə imzaladığı Strateji Tərəfdaşlıq haqqında Xartiya həm də buna görə çox əhəmiyyətlidir. Xartiyanın 2-ci bölməsi belə adlanır: “İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur”. Bu bölmədə Azərbaycanla ABŞ arasında Aİ sahəsundə əməkdaşlığın inkişafına geniş yer ayrılır. O cümlədən, data mərkəzlərinin və Aİ infrastrukturunun yaradılmasına sərmayə qoyuluşu da burada öz əksini tapıb. Hesab olunur ki, Azərbaycanın bu baxımdan üstünlükləri, data mərkəzlərinin qurulması üçün əlverişli şərait var. Bunu Azərbaycandakı makroiqtisadi və siyasi sabitlik, enerji potensialı, Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə, qonşu dövlətlərlə yüksək səviyyədə qurulmuş münasibətləri (dostluq və tərəfdaşlıq diplomatiyası), qərarvermədə çeviklik və sair kimi amillərlə əlaqələndirmək olar.

Diplomatiya demişkən, bir qədər əvvəl yazdığımız fikrə yenidən qayıdaq. Məlum olduğu kimi, ABŞ-dan sonra Çin Xalq Respublikası Aİ sahısində sürətlə böyüyən nəhəng sayılır. Bu ölkə ilə də Azərbaycan arasında hərtərəfli Strateji Tərəfdaşlıq Memorandumu imzalanıb və işləyir. Həmin sənəddə də Aİ üzrə əməkdaşlıq nəzərdə tutulur. Bundan başqa İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Böyük Britaniya, və sair ölkələr Aİ sahəsində ciddi uğurlar qazanıb. Bu ölkələrlə dı Azərbaycanın çox yüksək səviyyəli münasibətləri var. Avropa İttifaqına üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq sazişləri əldə edilib. Aİ sferasında ciddi irəliləyişə nail olmaq, rəqəmsal iqtisadiyyata keçidi sürətlə təmin etmək üçün Azərbaycanın çox böyük potensialı var.

Biz Aİ-nin inkişaf etdiyi ölkələrin siyahısını tam olmasa da, diqqətə çstdırdıq. Bu ölkələrin tam siyahısına da baxdıqda, Rusiya orada çox da yüksək yer tutmur. Bu sahədə, əlbəttə, Rusiya Çinlə əməkdaşlıq edərək özünə potensial qura biləcək. Ancaq Azərbaycanın bu baxımdan Rusiya və İran kimi ölkələrdən açıq-aşkar üstünlükləri var, bu da Aİ sahəsində öncül olan bütün dövlətlərlə, xüsusilə, ABŞ, Çin, İsrail kimi ölkələrlə çox yüksək səviyyəli münasibətlərinin olması, Aİ əsaslı layihələrlə bağlı tərəfdaşlığa başlamaq imkanıdır. Prezident İlham Əliyev də məhz bu cür üstünlüklərə, eləcə də, ölkənin öz potensialına əsaslanaraq, rəqəmsal keçidə impuls verir.

Prezidentin keçirdiyi müşavirə və qəbul olunan qərarlar ictimai əhvala da çox ciddi təsir edəcək. Azərbaycan cəmiyyətində Aİ haqqında biliklər və təsəvvürlər ya yarımçıq, ya da yanlış ola bilər. İctimai mühitdə bir irrasional Aİ qorxusu var. İnsanlar adətən mahiyyətini bilmədiyi nəsnələrdən, o cümlədən, hələ məğzini tam anlamadıqları innovasiyalardan ehtiyat edirlər. Bu, əlbəttə, təbii refleksdir, ancaq dünyada Aİ ilə yaşamağa başlamış xalqlar, Aİ ilə idarə olunmağa başlamış dövlətlər var. Bu "anlaşılmaz" yeni artıq bəzi cəmiyyətlərdə "köhnəlib", yəni oturuşub. Azərbaycanda bu ovqatı dəyişmək, yeni eraya keçidə daha sürətlə və həvəslə qoşulmaq lazımdır. "Azərbaycanın yeni rəqəmsal arxitektirası" da məhz bu çağırışlara, bu zərurətə adekvat reaksiyadır. Aİ dünyanı tamamilə və çox müsbət istiqamətə daha da dəyişir. Bu, qlobal rəqəmsal inqilabdır. Ancaq bu, ənənəvi dağıdıcı inqilablardan deyil, yaradıcı inqilabdır. İndiki erada dağıdıcı inqilablara artıq yer qalmayıb. Belə görünür, Azərbaycan da bu inqilaba qoşulur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью