Azərbaycanda rəqəmsal klonlaşdırma təhlükəsi sistematik bir kiber təhdid forması alıb Ekspertdən XƏBƏRDARLIQ

03.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son dövrlər rəqəmsal klonlaşdırma və “deepfake” texnologiyalarından istifadə etməklə saxta məlumatların yayılması Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında bu məsələyə toxunan deputat Azay Quliyev bildirib ki, sözügedən texnologiyalar artıq təkcə fərdi şəxslərə deyil, dövlət rəsmilərinə və qurum rəhbərlərinə qarşı da istifadə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, Azərbaycanda rəqəmsal klonlaşdırma və "deepfake" təhlükəsi artıq fərdi hadisələrdən çıxaraq sistematik bir kiber təhdid forması alıb:

"Milli Məclisdə deputat Azay Quliyevin bu məsələni qaldırması ilə yanaşı, biz mütəmadi olaraq ölkə başçısının, müxtəlif rəsmilər, tanınmış jurnalistlərin və şirkət rəhbərlərinin səs və görüntülərinin saxtalaşdırılaraq vətəndaşları aldatmaq üçün istifadə edildiyinin şahidi oluruq. Bu təhdidin miqyası göstərir ki, xüsusi alqoritmlər vasitəsilə hazırlanan saxta məzmunlar sadəcə fırıldaqçılıq deyil, həm də cəmiyyətdə ümumi inamsızlıq mühiti yaratmaq məqsədi güdən hibrid müharibə elementidir. Bu genişmiqyaslı hücumlara qarşı mübarizə üçün fərdi kiber-gigiyenadan daha kəskin dövlət nəzarəti mexanizmləri işə düşməlidir. Bura süni intellekt məhsullarının mütləq şəkildə "rəqəmsal nişanlanması", provayderlər səviyyəsində saxta kontentlərin bloklanması və bu növ cinayətlərə görə cəza sanksiyalarının ağırlaşdırılması daxildir. Hər bir vətəndaş anlamalıdır ki, rəqəmsal məkanda gördüyümüz hər hansı "rəsmi" müraciət rəsmi dövlət informasiya resursları tərəfindən təsdiqlənmədiyi təqdirdə, onun yüksək ehtimalla süni intellekt tərəfindən yaradılmış bir tələ olma riski var".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью