Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropada çerri pomidorlarla əlaqələndirilən salmonella epidemiyası ciddi narahatlıq yaradıb. 2023-cü ildən 2026-cı ilin sentyabrınadək 800-dən çox yoluxma halının qeydə alındığı bildirilir. İtaliyanın Siciliya bölgəsində yetişdirilən pomidorlarla əlaqələndirilən epidemiya fonunda bəzi ictimai müəssisələrdə çerri pomidorların çiy halda təqdim edilməsinə məhdudiyyət qoyulub.
Bəs Azərbaycana xaricdən gətirilən pomidorlar arasında təhlükəli məhsulların olması mümkündürmü? Ölkəmizdə də salmonella təhlükəsi yarana bilərmi?
İqtisadçı Günay Hüseynova AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanda çerri pomidorlarla bağlı salmonella riskinə ciddi yanaşılmalıdır.
Onun sözlərinə görə, Avropada baş verən epidemiya ərzaq təhlükəsizliyi məsələsinə daha həssas yanaşmağın vacibliyini göstərir:
"Bu məsələni yalnız Avropa ölkələrinin problemi kimi qiymətləndirmək düzgün deyil. Müasir ticarət şəraitində ərzaq məhsulları müxtəlif ölkələrdən idxal olunur və hər hansı bazarda yaranan təhlükə digər ölkələr üçün də potensial risk yarada bilər.
Azərbaycan xaricdən təzə pomidor idxal edir. Lakin Siciliyada yetişdirilən və epidemiya ilə əlaqələndirilən konkret çerri pomidorlarının ölkəmizə gətirilib-gətirilmədiyi barədə təsdiqlənmiş məlumat olmadan qəti nəticəyə gəlmək olmaz. Aidiyyəti qurumlar həmin istehsal bölgəsindən Azərbaycana məhsul idxalının olub-olmadığını dəqiqləşdirməli və zəruri hallarda laborator yoxlamaları gücləndirməlidirlər”.
İqtisadçı qeyd edib ki, salmonella təhlükəsi yalnız idxal məhsulları ilə məhdudlaşmır:
"Yerli təsərrüfatlarda istifadə olunan suyun keyfiyyəti, istehsal və qablaşdırma şəraiti, sanitariya qaydalarına əməl olunması da həlledici əhəmiyyət daşıyır. Buna görə nəzarət həm idxal məhsullarını, həm də yerli istehsalı əhatə etməlidir. Əsas prinsip təhlükə yarandıqdan sonra reaksiya vermək deyil, riski əvvəlcədən müəyyənləşdirib qarşısını almaq olmalıdır. Məhsulun mənşəyinin izlənməsi, riskli partiyaların laborator müayinəsi və təhlükə müəyyən edildikdə həmin məhsulların satışının dərhal dayandırılması vacibdir”.
G. Hüseynova vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı problemlər iqtisadi baxımdan da ciddi fəsadlar yarada bilər:
"Belə hallar istehlakçıların sağlamlığına zərər vurmaqla yanaşı, bazara inamı zəiflədir, sahibkarların maliyyə itkisinə və dövlət üçün əlavə xərclərə səbəb olur. Buna görə qabaqlayıcı nəzarət həm ictimai sağlamlıq, həm də iqtisadi maraqlar baxımından vacibdir.
Hazırda Azərbaycanda məhz Siciliya mənşəli çerri pomidorlarla əlaqəli salmonella təhlükəsinin mövcudluğu barədə təsdiqlənmiş məlumat olmadan əhalidə təşviş yaratmaq doğru deyil. Ancaq təhlükənin mümkünlüyünü nəzərə almamaq da ciddi yanlışlıq olardı. Aidiyyəti qurumlar idxal məlumatlarını dəqiqləşdirməli, nəzarətin nəticələri barədə ictimaiyyətə açıq məlumat verməli və zərurət yaranarsa, operativ məhdudlaşdırıcı tədbirlər görməlidirlər”.
Şahanə Ziyad