Azərbaycanda saxta iş elanları yayılıb Aldanmayın!

26.02.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda bəzi saxta iş elanları yayılıb. İdialara görə, bəzi elanlar faktiki iş təklifi təqdim etmir və müraciət edənləri işə qəbul etmək məqsədi daşımır. Əsas hədəf istifadəçilərin ad, soyad, əlaqə vasitələri, təhsil və iş təcrübəsi kimi məlumatlarını toplamaq və onları sonradan kommersiya məqsədilə istifadə etməkdir. Bu cür hallar onlayn iş axtarışı zamanı insanların etibarını azaldır və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradır. Hüquqi baxımdan, bu məsələyə xüsusi diqqət yetirmək vacibdir, çünki iş elanları vasitəsilə toplanan məlumatlar fərdi məlumat kateqoriyasına daxildir və onların qorunması qanunla təmin olunmalıdır.
Hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, şəxsin kimliyini birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən hər bir informasiya fərdi məlumat sayılır:
“Fərdi məlumatların mühafizəsi onların mülkiyyətçiləri və operatorları tərəfindən təmin edilməlidir. İş elanları ilə məşğul olan fiziki və hüquqi şəxslər həm fəaliyyət göstərdikləri müddətdə, həm də əmək münasibətlərinə xitam verildikdən sonra həmin məlumatların məxfiliyini qorumaq öhdəliyi daşıyırlar. Konfidensial fərdi məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız məlumat subyektinin razılığı əsasında təqdim edilə bilər. Qanunvericiliyin tələblərini pozan şəxslər isə məsuliyyət daşıyırlar”.
O əlavə edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsi fərdi məlumatların qorunması ilə bağlı pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutur:
“Həmin maddəyə əsasən, dövlət qeydiyyatı tələb olunan informasiya sistemində fərdi məlumatların qeydiyyatsız toplanılması və işlənməsi inzibati xəta sayılır. Eyni zamanda məlumatların qorunmaması, qanunla müəyyən edilmiş müddətlərdə məhv edilməməsi, toplanılmasının və işlənməsinin dayandırılmaması da məsuliyyət yaradır. Təqsirli şəxslər üç yüz manatdan beş yüz manatadək cərimə olunurlar. Bu norma fərdi məlumatların qorunmasını təmin etmək və məlumat subyektlərinin hüquqlarını müdafiə etmək üçündür”.
Qeyd edək ki, iş axtarışı prosesində ayıq-sayıq olmaq hər bir vətəndaş üçün ən vacib addımdır. Naməlum şirkətlər tərəfindən paylaşılan və şübhə doğuran elanlara qarşı ehtiyatlı davranmaq, CV göndərməzdən əvvəl həmin müəssisənin real fəaliyyətini araşdırmaq lazımdır. Rəqəmsal dövrdə fərdi məlumatların qanunsuz dövriyyəsi həm maddi, həm də mənəvi ziyan vura bilər. Hüquqi tənzimləmələr və tətbiq olunan cərimələr bu sahədə müəyyən intizam yaratsa da, hər bir istifadəçi öz məlumatlarının ilk qoruyucusu olmalıdır.
Həmçinin oxu:
Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş
Tolikə yüksək vəzifə verildi
Kartofun yanına niyə alma qoyurlar?
İşəgötürənlər isə topladıqları informasiyanın məsuliyyətini dərk etməli, onları yalnız bəyan edilən məqsədlər üçün istifadə etməlidirlər. Həm qanunvericiliyin sərt nəzarəti, həm də cəmiyyətin maariflənməsi ilə onlayn iş bazarında etibarlı mühit formalaşdırmaq mümkündür. Unutmaq olmaz ki, şəxsi məlumatların toxunulmazlığı sadəcə hüquqi tələb deyil, həm də peşəkar iş etikasına olan hörmətin göstəricisidir. Bu səbəbdən hər bir müraciət zamanı məlumatların hara və hansı məqsədlə getdiyini dəqiqləşdirmək gələcək fəsadların qarşısını ala bilər.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью