Azərbaycanda son beş ildə uşaqlara verilən qeyri adi ADLAR

29.01.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda yeni doğulan uşaqlara ad verilməsi ilə bağlı hüquqi tənzimləmələr yenilənir. Mövcud qanunvericiliyə əsasən ad seçimi valideynlərin razılığı ilə həyata keçirilsə də, bu proses müəyyən hüquqi və etik çərçivələr daxilində baş verməlidir.

Son statistikalar göstərir ki, ölkədə ad və ata adının dəyişdirilməsinə maraq ilbəil artır.

Uşağın mənafeyinə zərər vura biləcək, cinsinə uyğun olmayan və ya gülünc ad verilməməlidir

BAKU.WS xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir:

"Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış "Azərbaycan şəxs adlarının izahlı lüğəti"ndən və ya Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar bölməsindən istifadə etmək tövsiyə olunur.

Hazırda ölkədə rəsmi qadağan edilmiş adların siyahısı mövcud deyil. Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarına əsasən uşağın mənafeyinə zərər vura biləcək, cinsinə uyğun olmayan və ya gülünc adların verilməsinə yol verilmir.

Eyni zamanda "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanuna əsasən adlar, ata adları və soyadlar Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına uyğun yazılmalıdır".

Statistik göstəricilər:

Ədliyyə Nazirliyinin məlumatına əsasən 01.12.2025-ci ildən bu günədək 476 nəfərin adı, ata adı və ya soyadı dəyişdirilib. Bunlardan 357 nəfər qadın, 119 nəfər isə kişilərdir.

2025-ci ilin əvvəlindən 1 dekabradək isə 1206 nəfərin adı və ya ata adı dəyişdirilib (849 nəfər qadın, 357 nəfər kişi).

Statistikadan göründüyü kimi, addəyişdirmə üçün müraciət edənlərin arasında qadınlar üstünlük təşkil edir.

Yaş qruplarına görə:

18–29 yaş: 710 nəfər

30–39 yaş: 308 nəfər

40–49 yaş: 107 nəfər

50–59 yaş: 52 nəfər

60+ yaş: 29 nəfər

Ad dəyişdirilməsi üçün əsas səbəblər kimi aşağıdakılar göstərilib:

tərbiyə edən şəxsin adı ilə ata adı daşımaq istəyi,

adın pis səslənməsi,

çətin tələffüz olunması,

şəxsi narazılıq və digər səbəblər.

Son 5 ildə uşaqlara verilən qeyri-adi adlar:

Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar bölməsində son 5 ildə uşaqlara verilən adlar arasında bəzi qeyri-adi adlar diqqət çəkir. Belə ki, ötən 5 il ərzində uşaqlara Nənəş (3), Əmənulla (2), Gilə (2), İqlimə (1), Mahama (4), Piyalə (2), Səyahət (1), Təbib (2), Alov (2), Ocaq (1) kimi adlar verilib.

Dilçilik İnstitutu yalnız düzgün yazılış qaydalarını izah edir

Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova bildirib ki, onlara adların düzgün yazılışı və mənşəyi ilə bağlı suallar ünvanlanır:

"Ad qeydiyyat idarələrində qoyulur. Biz isə, məsələn, valideyn uşağına "Mazahır" adını qoymaq istəyirsə, onun düzgün yazılışı cavablandırırıq".

Bəzi adlar uşaqlarda utancaqlıq, stress, daxili gərginlik, bəzi hallarda isə depresiya yaradır

42 nömrəli məktəbin psixoloqu Aytən Hüseynzadə isə uşağa verilən adın onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib. Psixoloqun sözlərinə görə, bəzi hallarda dünyasını dəyişmiş qohumların adlarının verilməsi uşağın üzərində psixoloji yük yarada bilər:

"Bəzən valideynlər uşaqlarına qəribə və ya fərqli adlar qoymağa üstünlük verirlər. Lakin çox vaxt nəzərə alınmır ki, uşağa verilən ad onun şəxsiyyətinin formalaşmasında ilk və mühüm amillərdən biridir. Ad insanın kimliyinin başlanğıcı, özünü dərk etməsinin ilkin işarəsidir.

Bəzi hallarda isə mentalitetin təsiri ilə uşaqlara dünyasını dəyişmiş qohumların adları verilir. Bu zaman uşaq sanki həmin şəxsin yolunu, taleyini və ya missiyasını davam etdirməli imiş kimi qəbul olunur. Bu cür gözləntilər uşağın üzərində görünməz bir psixoloji yük yarada bilər.

Araşdırmalar və müşahidələr göstərir ki, tələffüzü çətin, qulağa xoş gəlməyən, yaxud mənası ağır emosional yük daşıyan adlar uşaqlarda utancaqlıq, stress, daxili gərginlik, bəzi hallarda isə depressiv əlamətlərin formalaşmasına səbəb ola bilir.

Uşağa ad seçimi unikal və düşünülmüş olmalıdır. Çünki hər ad özündə müəyyən məna, enerji və mesaj daşıyır və bu da uşağa yanaşma tərzinə, onun özünü necə hiss etməsinə birbaşa təsir edir.

Asan tələffüz olunan, qulağa xoş gələn, eyni zamanda özünəinam və güvən hissi aşılayan adların seçilməsi uşağın gələcək həyatında, şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır".

Təhsil sənədlərinin hamısında adı yenidən dəyişməyə ehtiyac yoxdur

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, adını dəyişmək istəyən şəxs Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə müraciət etməlidir:

"Ərizə əsasında əvvəl şəxsiyyət vəsiqəsi, sonra digər rəsmi sənədlər dəyişdirilir. Əgər orta məktəb attesstatı, diplomunda da addəyişmə etmək istəyirsə, yenə müvafiq qaydada müraciətlər edilməlidir".

Hüquqşünas qeyd edib ki, təhsil sənədlərinin hamısında adı yenidən dəyişməyə də bilər. Bu halda addəyişmə haqqında şəhadətnaməni təqdim etməklə adının dəyişdiyini göstərə bilər".

Araşdırma göstərir ki, ad seçimi təkcə estetik məsələ deyil, həm də hüquqi, psixoloji və sosial məsuliyyətdir. Uşağa verilən ad onun gələcək həyatına, özünü dərk etməsinə və cəmiyyətlə münasibətlərinə birbaşa təsir göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью