Azərbaycanda süni intellektə görə ixtisarlar bu sahələrdən başlayacaq

28.01.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bloomberg”in bu yaxınlarda süni intellektin iş yerlərində tətbiqi ilə bağlı açıqladığı statistika diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, məlumatda Böyük Britaniya başda olmaqla Avropa ölkələri, o cümlədən Yaponiyada süni intellektin iş yerlərində ixtisarlara səbəb olduğu bildirilir.

Qeyd edilir ki, ABŞ-də isə əksinə  süni intellekt iş yerlərinin artmasına səbəb olub.

Son bir ildə süni intellektin tətbiqi Azərbaycanda əmək bazarına necə təsir edib?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan İnsan Resursları üzrə Menecer Röyal Əhmədov bildirib ki, hazırda bu texnologiyanın tətbiqinin əmək bazarına necə təsir etməsi iqtisadiyyatın istiqamətindən asılı olaraq dəyişir:

“Dünya iqtisadiyyatı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə bölünür. ABŞ,  Böyük Britaniya və s. kimi inkişaf etmiş ölkələr yeni texnologiyaların tətbiqinə açıq olurlar və bu onlar üçün asan olur. Azərbaycanda isə bu bir az zaman ala bilər. 

İnkişaf etmiş ölkələrdə əhalinin sayı və böyük bir hissəsi əmək qabiliyyətinə malik şəxslər olduqlarına görə texnoloji yenilikləri tətbiq etdikləri zaman sürətli şəkildə müsbət nəticələr ala bilirlər. Amma inkişaf etməkdə olan ölkələrdə nisbətən ənənəvi iqtisadiyyat qaldığı üçün yeni texnologiyaların tətbiqi və onun nəticələrini müsbətə çevirmək zaman alır. ABŞ, Avropa ölkələri və digər inkişaf etmiş ölkələrdə süni intellektin birbaşa tətbiqi nəticəsində yeni iş yerləri açılır. Çünki bu ölkələrdə əsas məqsəd iqtisadiyyatın xaricə istiqamətlənmiş formada genişləndirilməsidir. Bəzi ölkələrdə isə inkişaf prosesinin yerli miqyasda olması onlara kifayət edir. Hegemon və çox güclü iqtisadiyyatı olan ABŞ-də isə yalnız ölkə daxilinə deyil, ölkə xaricinə də istiqamətləndirdiyi üçün yeni sahənin formalaşdırılması istər-istəməz işçi tələbatını artırır və yeni iş yerlərinin açılmasına gətirib çıxarır”.

HR mütəxəssis hesab edir ki, süni intellekt hazırda ölkəmizdə bəzi sahələrdə tətbiq olunsa da, geniş  vüsət alması üçün zaman lazımdır: 

“İnkişaf etməkdə olduğu üçün Azərbaycanda ənənəvi iqtisadiyyata sahibdir və bu zaman alır. Düşünürəm ki, hazırda ölkəmizdə süni intellektin bütün sahələrə tətbiq edilməsi mümkün deyil. Çünki biraşa şəxsin fiziki olaraq iştirak edəcəyi (tikinti, istehsalat və s. sahəlr) əmək prosesləri var və insan faktorunun olması vacibdir. Digər xidmət sahələrində isə (marketinq, müştəri xidmətləri  və s.) süni intellektin tətbiqi əsasında məhdudlaşdırma prosesləri gedə bilər. 

Son zamanlar daha çox xidmət sferasında süni intellekt tətbiq edilməsi müşahidə olunur. Bunun tətbiqi üçün hazırda Azərbaycanda kadrların ixtisarı açıq şəkildə getmir. Bəlkə də gələcək zamanlarda tətbiq oluna bilər”.

R.Əhmədov əlavə edib ki, hazırda Azərbaycanda süni intellekt daha çox işçilərin sayının azaldılmasına deyil, onların işə sərf etdiyi zamanın azaldılmasına istiqamətlənib:

“Gələcəkdə süni intellekt əmək münasibətlərində əsas faktor olarsa, onda işçilərin ixtisarı prosesi gündəmə gələcək.Məsələn, ola bilər ki insan resursları sahəsində çalışan bir şəxs bir vakansiya üçün müraciət edən 100 nəfərin CV-sinin analizi üçün 3 saat vaxt sərf edir. Amma süni intellekt vasitəsilə 3 saat qənaət etmək mümkün ola bilər. Artıq növbəti zamanlarda tək CV-lərin analizi deyil, müsahibələrin həyata keçirilməsi və yaxud da başqa sənədləşmə proseslərinin yerinə yetirilməsində süni intellekt geniş şəkildə tətbiq olunarsa, artıq HR-a ehtiyac qalmayacaq. Qalsa belə onların sayı azalacaq.

Bununla yanaşı, mühasibatlıqda da süni intellektin tətbiqi ilə zamana qənaət prosesi gedə bilər.
Təbii ki, ağır sənaye və yaxud ona bənzər sahələrdə insan faktoru hər zaman vacibdir. 
Hələ ki süni intellektin tətbiqi ilkin etapda ixtisarlara səbəb olmayacaq. Çünki Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə olduğu üçün buna hazır deyil. Amma növbəti illərdə - 5-10 il sonra bu, tətbiq oluna bilər. Qarşıdakı mərhələdə süni intellektdən istifadə o qədər genişlənə bilər ki, ixtsarlar da ola bilər. 

Süni intellekin tətbiqi zamanı belə bu sahə ilə bağlı kadrlar gərəkdiyi üçün ola bilər ki, ilkin etapda ABŞ-də olduğu kimi bizdə də ixtisar yox, yeni kadrların cəlbinə ehtiyac yaransın”.

Billurə Yunus
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью