Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır? AÇIQLAMA

04.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqinə hüquqi zəmin yaradılıb. Qanunvericiliyə edilən dəyişikliklərlə yerüstü nəqliyyatda avtonom texnologiyaların istifadəsi üçün normativ-hüquqi əsaslar formalaşdırılıb, yeni anlayışlar təsbit edilib və yüksək səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə imkan verən mexanizmlər müəyyənləşdirilib. Bu yeniliklər gələcəkdə sürücüsüz avtobusların, metro qatarlarının, avtonom yük nəqliyyat vasitələrinin, eləcə də uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin qanuni əsaslarla istismarına şərait yaradacaq.

Bu qanunvericilik dəyişiklikləri Azərbaycanda avtonom nəqliyyatın tətbiqini nə dərəcədə sürətləndirəcək? Bəs, Azərbaycanda ilk olaraq hansı avtonom nəqliyyat növünün istifadəyə verilməsi daha real görünür?

Redaktor.az-a mövzu ilə bağlı danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu qanunvericilik dəyişiklikləri Azərbaycanın avtonom nəqliyyat sahəsinə keçidində mühüm mərhələ hesab oluna bilər:

"Çünki ilk dəfə olaraq avtonom nəqliyyat vasitələrinin hüquqi statusu müəyyənləşdirilir, onların qeydiyyatı, sınaqdan keçirilməsi, məsafədən idarə olunması, nəzarət mərkəzinə inteqrasiyası və yalnız səlahiyyətli qurumların müəyyən etdiyi marşrutlarda istismarı üçün hüquqi baza yaradılır. Bu isə investorlar, istehsalçılar və dövlət qurumları üçün hüquqi qeyri-müəyyənliyi aradan qaldırır, pilot layihələrin başlanmasına və yeni texnologiyaların təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə imkan verir. Bununla belə, hesab edirəm ki, təkcə qanunun qəbul olunması avtonom nəqliyyatın geniş tətbiqi üçün kifayət deyil. Bunun üçün yüksək keyfiyyətli rəqəmsal yol xəritələri, sabit rabitə infrastrukturu, ağıllı yol nişanları və işıqfor sistemləri, yüksək dəqiqlikli GPS xidmətləri, kiber təhlükəsizlik mexanizmləri, nəqliyyatın vahid idarəetmə mərkəzi və genişmiqyaslı real sınaqlar da vacibdir. Yəni hüquqi hazırlıq texnoloji hazırlıqdan daha sürətlə irəliləyir və yaxın illərdə əsas diqqət məhz bu infrastrukturun formalaşdırılmasına yönələcək".

Müsahibimizin fikrincə Azərbaycanda ilk tətbiq ediləcək avtonom nəqliyyat növü adi minik avtomobili deyil, məhdud və nəzarət olunan marşrutlarda hərəkət edən ictimai və xüsusi təyinatlı nəqliyyat vasitələri olacaq:

"Ən real ssenari xüsusi ayrılmış zolaqlarda və ya qapalı ərazilərdə hərəkət edən sürücüsüz avtobusların pilot layihəsi, logistika mərkəzlərində avtonom yükdaşıma vasitələrinin tətbiqi və metro sistemində avtomatik idarəetmə səviyyəsinin artırılmasıdır. Bu tip nəqliyyat vasitələrinin hərəkət marşrutu əvvəlcədən məlum olduğuna görə onların təhlükəsiz idarə olunması şəhər küçələrində sərbəst hərəkət edən minik avtomobilləri ilə müqayisədə daha asandır. Növbəti mərhələdə isə sənaye parklarında, limanlarda, hava limanlarında və iri logistika terminallarında avtonom yük avtomobillərinin istifadəsi daha real görünür. Belə ərazilərdə piyadaların və digər yol hərəkəti iştirakçılarının sayı məhdud olduğundan risklər də xeyli aşağı olur. Adi sürücüsüz minik avtomobillərinin isə yaxın perspektivdə ölkə üzrə sərbəst hərəkət edəcəyini gözləmirəm. Bunun üçün yol nişanlarının və nişanlanma xətlərinin tam standartlaşdırılması, bütün yol infrastrukturunun rəqəmsallaşdırılması, 5G və gələcək rabitə şəbəkələrinin geniş əhatəsi, süni intellekt sistemlərinin yerli yol şəraitinə uyğunlaşdırılması və məsuliyyət məsələlərinin tam hüquqi tənzimlənməsi tələb olunur. Ümumilikdə, bu qanunvericilik dəyişikliyi avtonom nəqliyyatın dərhal kütləvi tətbiqi demək deyil. Daha çox pilot layihələrdən başlayaraq mərhələli keçidi nəzərdə tutur. Hesab edirəm ki, ilk illərdə avtonom avtobuslar, metro qatarları və logistika nəqliyyat vasitələri sahəsində tətbiqlər görəcəyik, daha sonra isə texnologiya və infrastruktur inkişaf etdikcə sürücüsüz minik avtomobillərinin istifadəsi də gündəmə gələcək. Bu yanaşma həm təhlükəsizlik, həm də texniki etibarlılıq baxımından ən düzgün və praktik model hesab olunur".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью