Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Azərbaycanda taxıl biçini yekun mərhələsinə daxil olub.
Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan Taxıl Biçini üzrə Mərkəzi Qərargahın məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin işləri tamamlanıb.
Mövsüm ərzində 883 min 995 hektar ərazidə biçin aparılıb və həmin sahələrdən 3 milyon 38 min 467 ton taxıl əldə olunub. Hazırda ölkə üzrə orta məhsuldarlıq hər hektardan 34,4 sentner təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 sentner çoxdur.
Məlumata əsasən, indiyədək 404 min 326 hektar buğda və 479 min 669 hektar arpa sahəsi biçilib. Nəticədə 1 milyon 491 min 990 ton buğda, 1 milyon 546 min 477 ton arpa yığılıb.
Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin başa çatıb. Buğda üzrə orta məhsuldarlıq 36,9 sentner, arpa üzrə isə 32,2 sentner təşkil edir.
Bildirilib ki, artıq 20 rayonda taxıl biçini tam yekunlaşıb. Daha 22 rayonda isə biçin işləri son mərhələdədir.
Qeyd olunub ki, respublika üzrə taxıl biçini prosesinin aqrotexniki baxımdan optimal müddətdə başa çatacağı gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)