Azərbaycanda təhsil sistemi DƏYİŞİR?

29.01.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyada ali məktəblərdə “bakalavr” və “magistr” dərəcələri bu ilin 1 sentyabrından etibarən ləğv ediləcək.

Bu barədə Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib.

Deputatın sözlərinə görə, onların əvəzinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil formatları tətbiq olunacaq:

““Bakalavr–magistr” formulu əvəzinə aşağıdakı sistem tətbiq olunur: baza ali təhsil – ixtisasdan asılı olaraq 4 ildən 6 ilədək müddətdə; ixtisaslaşmış ali təhsil isə 1–3 il davam edəcək. 

Bu, mahiyyət etibarilə peşəkar, idarəetmə və elmi-tədqiqat istiqamətlərini əhatə edən magistraturanın yenilənmiş formatıdır”. 

Siyasətçi qeyd edib ki, Boloniya sisteminin əvəzlənməsi prosesi 2022-ci ildən başlayıb və ilkin mərhələdə keçid proqramı Rusiyanın altı ali məktəbində sınaqdan keçirilib. Hazırda bu təcrübə digər ali təhsil müəssisələrinə də şamil edilir.

Deputat, həmçinin magistratura üzrə dövlət sifarişi (büdcə) əsasında təhsil almağa qoyulan məhdudiyyətin ləğv ediləcəyini açıqlayıb. 

Parlamentarinin sözlərinə görə, yeni tədris ilindən etibarən bu qadağa aradan qaldırılır. Qoryaçeva əlavə edib ki, aspirantura əvvəlki kimi peşə təhsilinin ayrıca pilləsi olaraq saxlanılır. 

Bu günlərdə Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin iclasında bildirmişdi ki, 30 ildən çoxdur Avropa təhsil sisteminə keçmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik: 

“Bununla yanaşı, Sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb.

Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır.

Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm”. 

Göründüyü kimi, bəzi ölkələr Boloniya sisteminin nəticələri onları qane etmədiyindən artıq yenidən əvvəlki tədris sisteminə qayıdır.

Ali təhsil sistemində tətbiq edilən bu dəyişikliklər Azərbaycan ali təhsil müəssisələrinə şamil edilə bilərmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan artıq dünyaya inteqrasiya etmiş bir ölkədir və bizim təhsil sistemi dünya təhsil sisteminin bir hissəsidir:

“Ona görə də bu kimi addımları geriyə addım kimi qiymətləndirirəm. Artıq Azərbaycan beynəlxalq reytinqlərdə yer almağa başlayıb. Boloniya sistemi oturuşmuş bir sistem olduğu halda yenidən uzaqlaşmağımız bizim elmimizə, təhsilimizə bir fayda verməz. 

O baxımdam qurulan sistemi yeni qaydalara uyğunlaşdırmaq, Boloniya sistemini sözün həqiqi mənasında təkmilləşdirmək, təsdiqinə çalışmaq lazımdır. Bizdə bu sahədə müəyyən çatışmazlıqlar var.

Məsələn, Boloniyaya görə, tələbənin limitlə bağlı imtahana buraxılmamaq kimi bir məhdudiyyəti yoxdur. Ancaq bizdə o tətbiq olunur. Yaxud, xəstədir, arayış gətirir. Hətta o belə, qəbul olunmur. Boloniya sistemi tam mənasında tətbiq olunsa, bu ancaq tələbələrin xeyrinə olar və müəyyən fayda da görə bilər”. 

Ekspert təsdiq edir ki, magistraturaya diqqət azalıb və bu əslində əmək bazarında tələbin qoyulmaması ilə bağlıdır:

“Ötən il 1200-dən artıq dövlət sifarişli yer boş qalıb. Ümumilikdə isə 3000-ə qədər yer boş qaldı. Bu həm onunla əlaqədardır ki, bizim bəzi universitetlər magistraturaya qəbul elan edirlər, ancaq  özlərinin maddi-texniki bazası buna imkan vermir.

Ona görə də tələbə gedib orada təhsil almağı əlavə vaxt itkisi hesab edir. Digər tərəfdən əmək bazarının tələbləri də burada rol oynayır. Yəni mütləq deyil ki, mütləq magistratura təhsili olmalıdır. Baxırlar ki, yaxşı mütəxəssisdir, proqramları mənimsəyibsə, heç magistraturaya ehtiyac yoxdur.

Belə bir təşəbbüs də var ki, ikinci pilləsi götürülsün, elmlər doktoru artıqdır, fəlsəfə doktoru kifayət edir. Bu həm vaxt aparır, həm də diqqəti azaldır, burada xüsusi motivasiyalar da olmalıdır. Təəssüf ki, bunlar yoxdur. Ona görə də bu problemləri yaşayırıq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: təhsil Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью