Azərbaycanda tələbələr pulsuz oxuyacaq? AÇIQLAMA

04.02.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ildən etibarən Gürcüstanda ali təhsil sahəsində mühüm bir islahat həyata keçiriləcək. Qəbul edilən yeni qərara əsasən, növbəti tədris ilindən başlayaraq universitetlərdə təhsil alan bütün tələbələrin təhsil haqqı dövlət tərəfindən tam şəkildə qarşılanacaq. Xüsusilə dövlət universitetlərində təhsil tamamilə pulsuz olacaq. Bu addım ali təhsilə çıxış imkanlarının genişləndirilməsinə və sosial bərabərliyin təmin olunmasına xidmət edir. Hökumət bu qərarla gənclərin təhsil yükünü azaltmağı və insan kapitalının inkişafını sürətləndirməyi hədəfləyir. Bu islahat ali təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək mühüm təşəbbüs kimi qiymətləndirilir. 
Bəs, bu ölkəmizdə də tətbiq oluna bilərmi?
Bu barədə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib. O deyib ki, Gürcüstanda artıq növbəti tədris ilindən etibarən bütün ali təhsil müəssisələrində gürcü vətəndaşların aldığı təhsil tam ödənişsiz olacaq:
“Bu, əlbəttə ki, çox müsbət və təqdirəlayiq bir təşəbbüsdür. Əslində, bizdə də vəziyyət müəyyən mənada buna yaxındır. Hazırda dövlət ali təhsil müəssisələrində təhsil alan gənclərimizin təxminən 70-80 faizi dövlət sifarişi əsasında oxuyur. Məsələn, ötən ilin qəbul nəticələrinə baxsaq, dövlət ali təhsil müəssisələrinə qəbul olunan gənclərin böyük əksəriyyəti məhz dövlət sifarişi ilə təhsil alır. Bu da bizim üçün müsbət göstəricidir. Bizdə bu modelin birdən-birə tam tətbiqi müəyyən çətinliklər yarada bilər. Mərhələli şəkildə, addım-addım bu istiqamətdə müvafiq addımlar atılır. Artıq bir neçə ildir ki, hər qəbul ilində dövlət sifarişli yerlərin sayı artır və bu artım davamlı xarakter daşıyır”. 
O bildirib ki, bu prosesin sürətləndiyini də açıq şəkildə görmək mümkündür:
“Yaxın gələcəkdə elə bir mərhələyə çata bilərik ki, dövlət sifarişli yerlərin sayı ödənişli əsaslarla təhsildən qat-qat çox olsun və ödənişli təhsil minimum səviyyəyə ensin. Bu məsələnin tam tətbiqi, yəqin ki, zamanla dəqiqləşdiriləcək. Bizdə bu addımın birdən-birə atılmasının çətin olmasının əsas səbəblərindən biri də odur ki, dövlət çox önəmli və müsbət bir təşəbbüs həyata keçirir. Belə ki, dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq imkanı mövcuddur və bu təşəbbüs artıq illərdir davam etdirilir. Yəni hər hansı bir gənc deyə bilər ki, mən dövlət universitetində deyil, özəl ali təhsil müəssisəsində oxumaq istəyirəm və dövlət hesabına təhsil almaq niyyətindəyəm. Dövlət buna da müsbət yanaşır. Əgər abituriyent müvafiq bal toplayıbsa və özəl ali təhsil müəssisəsini seçirsə, orada da pulsuz oxumaq imkanı əldə edir. Əslində, ali təhsil ödənişlidir, sadəcə bu ödəniş dövlət tərəfindən qarşılanır. İstər dövlət ali təhsil müəssisələrində, istərsə də özəl ali təhsil müəssisələrində dövlət sifarişi olduğu halda təhsil haqqı birbaşa dövlət tərəfindən ödənilir. Yəni tələbə özəl ali təhsil müəssisəsində oxusa belə, onun təhsil haqqı dövlət hesabına qarşılanmış olur. Yaxın gələcəkdə bu model bizdə də tam şəkildə formalaşacaq və ali təhsil müəssisələrinin böyük əksəriyyətində təhsil dövlət sifarişi əsasında həyata keçiriləcək”. 
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью