Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Bu il bazarda tərəvəzlərin qiyməti əvvəlki illərlə müqayisədə o qədər də baha deyil
Xüsusilə də pomidor və xiyarın qiyməti münasibdir. Bu, nə ilə əlaqədardır? Qiymətlər nə vaxta qədər bu şəkildə davam edəcək?
"Ölkə.az" "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir: "Bazarda tərəvəz boldur" Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizli bu il məhsulların qiymətinin uyğun olmasının səbəblərini açıqlayıb: "Səbəblərdən biri yüksək məhsuldarlıqdır.
2025-ci ilin yaz-yay mövsümündə ölkənin bir çox bölgəsində (xüsusilə də Lənkəran, Masallı, Saatlı və Salyan kimi rayonlarda) hava şəraitinin əlverişli keçməsi nəticəsində bol məhsul yığılıb.
Su təminatı və temperatur normaya uyğun olub, bu da istixanalarda və açıq sahələrdə məhsulun artmasına rəvac verib.
Bununla yanaşı, əkin sahələrinin genişlənməsi, son illərdə dövlətin aqrar sektora subsidiyalar verməsi, ucuz gübrə və toxum dəstəyi əkin sahələrinin genişlənməsinə səbəb olub.
Xüsusilə pomidor və xiyar kimi tez yetişən tərəvəzlərə üstünlük verilməsi istehsal həcmini artırıb".
Ekspert qeyd edir ki, yeni texnologiyaların tətbiqi, xüsusilə hidroponika və damcı-suvarma kimi müasir texnologiyaların yayılması məhsul itkilərinin azalmasına, daha keyfiyyətli və bol məhsul alınmasına şərait yaradıb.