Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında guya Baş Şirvan kollektorunda timsahın üzməsini əks etdirən video yayılıb. Lakin araşdırmalar zamanı məlum oldu ki, həmin görüntü Azərbaycana deyil, Meksikaya aiddir.
Bəs ümumilikdə Azərbaycanın iqlim və təbii şəraiti timsahların yaşaması və çoxalması üçün əlverişlidirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Sadiq Həsənov bildirdi ki, timsahlar bizim zonada və ərazidə yaşamırlar:
"Onların təbii yaşayış mühiti əsasən iri çaylar və tropik ərazilərlə bağlıdır. Məsələn, Şimali Amerikada Missisipi çayı, Cənubi Amerikada Amazon çayı, Afrikada Nil çayı, Asiyada isə Qanq və Yanszı çayları timsahların yayıldığı əsas yaşayış areallarıdır. Xüsusilə Afrika, Asiya, Cənubi Amerika və Şimali Amerikanın iri çay sistemləri timsahların daha geniş yayıldığı ərazilər hesab olunur. Onların ölçüləri də növlərdən asılı olaraq fərqlənir. Bəzi növlərin çəkisi bir tona qədər çatır, bəziləri isə daha kiçik olur. Ən kiçik növlərin uzunluğu təxminən bir metrdən başlayır, iri növlərdə isə bu göstərici üç-dörd metr və daha artıq ola bilir. Hətta bəzi növlər bir metrdən də kiçik ölçülərə malik olur. Yəni timsahların yaşayış arealları tamamilə fərqli coğrafi zonaları əhatə edir və bizim region bu areallara daxil deyil".
Ekoloq onu da qeyd etdi ki, timsahların yaşaması üçün xüsusi qidalanma və ekoloji şərait tələb olunur.
"Məsələn, bizim çaylar, o cümlədən Kür və Araz çayları timsahların təbii yaşayışı üçün uyğun hesab edilmir. Çünki onlar əsasən daha iri çay sistemlərinə və fərqli iqlim şəraitinə ehtiyac duyurlar. Bu səbəbdən də timsahların əsas yayılma əraziləri Afrika, Asiya, Cənubi Amerika və Şimali Amerikadır. Kimsə yəqin ki, zarafat məqsədilə haradasa çəkilmiş timsah şəklini və ya görüntüsünü yerli çaylarla əlaqələndirib paylaşıb. Əslində isə timsahların təbii yaşayış arealları çox geniş və spesifikdir. Onlar Meksika da daxil olmaqla müxtəlif tropik və subtropik bölgələrdə, əsasən iri çaylarda, bataqlıqlarda və su hövzələrində yaşayırlar. Qidalanmaları və həyat fəaliyyətləri də həmin ekosistemlərlə sıx bağlıdır. Buna görə də onların bizim bölgədə təbii şəkildə yaşaması real görünmür", - deyə S.Həsənov bildirdi.
NURİYYƏ