Azərbaycanda türk müsəlman epiqrafikasına dair abidələr müəyyənləşdiriləcək

27.11.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Azərbaycanda türk müsəlman epiqrafikasına dair abidələrin müəyyən edilməsi, öyrənilməsi və mühafizəsi üzrə təkliflərin hazırlanmasına dair komissiya və işçi qrupunun yaradılması haqqında olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli epiqrafika üzrə ölkəmizdə kadr hazırlığı istiqamətində ciddi problemlərin olduğunu deyib, bu sahəyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov məsələ ilə bağlı məlumat verib. Qeyd edib ki, 2025-ci ilin dekabr ayında Kazan şəhərinin tarixçi alimləri və azərbaycanlı həmkarlarının birgə müəllifliyi ilə “Rusiya imperiyasında türk-müsəlman epiqrafikası. 1910-cu il tədqiqat materialları. II cild. Zaqafqaziya” adlı kitab nəşr olunub. Nəşr Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, xüsusilə epiqrafik abidələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir. Kitabda 1910-cu ildə qeydə alınmış qəbirüstü daşların, məscid kitabələrinin və digər memarlıq abidələrinin epiqrafik materialları sistemləşdirilərək elmi ictimaiyyətin istifadəsinə təqdim olunur. Onun sözlərinə görə, Bakı quberniyasının Quba və Göyçay, Yelizavetpol quberniyasının Qazax və Cəbrayıl, Tiflis quberniyasının isə müxtəlif qəzalarının yaşayış məntəqələrindəki qəbiristanlıqlara, məscidlərə və digər tarixi abidələrə aid kitabələrin qeydə alınması nəşrin elmi əhəmiyyətini artırır. Materiallarda, həmçinin Şamaxı şəhər qəbiristanlığında yerləşən Şirvan xanlarının ailə sərdabələrinin kitabələri də təqdim edilir.

K.Şükürov bildirib ki, qeyd olunan tarixi mənbələr Azərbaycan xalqının maddi-mədəni irsinin mühüm tərkib hissəsi olan türk-müsəlman epiqrafik abidələrinin müəyyənləşdirilməsi, elmi əsaslarla tədqiqi, mövcud vəziyyətinin araşdırılması, qorunması və zərurət yarandığı təqdirdə tarixi mənbələr əsasında bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən Azərbaycanda Türk-müsəlman epiqrafikasına dair abidələrin müəyyən edilməsi, öyrənilməsi və mühafizəsi üzrə təkliflər hazırlanmasına dair komissiya və işçi qrup yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью