Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda bir qədər əvvəl pambıq məhsulunda yaranan satış problemi və çətinliklər tütündə də müşahidə olunmağa başlayıb.
Nəticədə ölkənin müxtəlif ərazilərində becərilən tütün sahələrində azalma baş verir. Sahibkarlar mallarının anbarlarda qalmasının səbəbini dünyada tütün qiymətlərinin ucuz olması, istehsalın isə baha başa gəlməsi ilə əlaqələndirirlər.
Sahibkarlar tütünü xarici bazara çıxara bilmirlər, alıcı yoxdur, qiymət aşağıdır, malını heç kəsə sata bilmirlər. Bu problemin həlli üçün hansı addımlar atıla bilər? Tütünçülüyü digər məhsul istehsalı ilə əvəz etmək olarmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda tütünçülük sahəsində yaranan problemlərin əsas səbəbləri dünya bazarında qiymətlərin aşağı düşməsi, istehsal xərclərinin artması və ixrac imkanlarının zəifləməsidir:
“Sahibkar məhsulu baha başa gətirsə də, onu sərfəli qiymətə sata bilmir. Bu isə fermerlərin marağını azaldır və əkin sahələrinin ixtisarına səbəb olur.
Problemin həlli üçün ilk növbədə dövlət və sahibkarlar arasında koordinasiya gücləndirilməlidir. Tütünün satış bazarlarının genişləndirilməsi, yeni ixrac istiqamətlərinin tapılması və məhsulun emal sənayesinin inkişaf etdirilməsi vacibdir.
Yerli tütün yalnız xammal kimi deyil, hazır məhsul şəklində ixrac olunarsa, daha çox gəlir gətirə bilər. Fermerlərə subsidiya, güzəştli kredit və logistika dəstəyi verilməsi də istehsal xərclərini azaltmağa kömək edə bilər”.
Ekspertin fikrincə, eyni zamanda, bazarda tələb azaldığı halda bəzi bölgələrdə tütünçülüyün mərhələli şəkildə digər gəlirli kənd təsərrüfatı sahələri ilə əvəz olunması mümkündür:
“Məsələn, meyvəçilik, tərəvəzçilik, istixana təsərrüfatı, fındıqçılıq, badamçılıq və ya dərman bitkilərinin yetişdirilməsi daha səmərəli ola bilər. Bu məhsullar həm daxili bazarda, həm də ixracda daha stabil gəlir təmin edə bilər.
Əsas məsələ odur ki, keçid prosesi planlı aparılsın. Fermer birdən-birə tütün istehsalından uzaqlaşarsa, maddi çətinliklə üzləşə bilər. Buna görə alternativ məhsullar üzrə təlim, dövlət dəstəyi və satış bazarlarının əvvəlcədən hazırlanması mühüm əhəmiyyət daşıyır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: tütün Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin