Azərbaycanda universitetlər pulsuz olacaq? AÇIQLAMA

05.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Gürcüstanın dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin təhsil motivasiyasını itirməməsi üçün isə xüsusi mexanizmlər hazırlanıb.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Qonşu ölkədə tətbiq olunan bu proses bizdə də tətbiq olunmalıdırmı? Bəs Azərbaycanda bu sahədə mövcud vəziyyət necədir? 

Coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə Redaktor.az-a bildirdi ki, Gürcüstanda tətbiq ediləcək ali təhsilin ödənişsiz olması ideyası özlüyündə müsbət bir tendensiyadır:

"Belə bir mexanizmin ölkəmizdə də daha geniş şəkildə tətbiq olunması təqdirəlayiq addım ola bilər. Bəs Azərbaycanda bu sahədə mövcud vəziyyət necədir? İlk olaraq bununla bağlı qanunvericiliyin tələblərinə nəzər salaq. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşları hər bir təhsil səviyyəsi üzrə yalnız bir dəfə dövlət vəsaiti hesabına (ödənişsiz) təhsil almaq hüququna malikdirlər. Bu o deməkdir ki, dövlət müəyyən şərtlər və qəbul nəticələri əsasında hər bir vətəndaşa bir dəfə peşə təhsili, orta ixtisas təhsili (kollec), bakalavriat, magistratura və doktorantura səviyyələrində ödənişsiz təhsil almaq imkanı yaradır. Ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, son illərin statistikası bu sahədə mühüm artım tendensiyasının olduğunu göstərir. Ümumilikdə, 2020-ci illə müqayisədə ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı təxminən 60 faizədək artmışdır. Dövlət tərəfindən ödənişsiz təhsil imkanlarının genişləndirilməsi məqsədilə bu yerlərin sayı ardıcıl olaraq artırılır.

Müsahibimiz bizimlə dövlət sifarişli plan yerlərinin dinamikasını paylaşdı:

"2020/2021-ci tədris ili – təxminən 18,7 min yer

2021/2022-ci tədris ili – təxminən 20 min yer

2022/2023-cü tədris ili – təxminən 22 min yer

2023/2024-cü tədris ili – təxminən 24–25 min yer

2024/2025-ci tədris ili – təxminən 27 min yer

2025/2026-cı tədris ili – 29 962 yer

2026-cı il üzrə qəbul statistikasında isə dövlət sifarişli yerlərin sayının 30 mindən yüksək olacağı gözlənilir. Pulsuz ali təhsil imkanlarından danışarkən Qarabağ Universitetini də xüsusi qeyd etmək lazımdır. Belə ki, universitetdə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən qarşılanır. Artım tendensiyası yalnız ali təhsillə məhdudlaşmır. Son illərdə peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dövlət sifarişli plan yerlərinin sayında artım müşahidə olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının dünyanın aparıcı universitetlərində təhsili dövlət hesabına maliyyələşdirilir. Prezident Proqramı ilə hər il yüzlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində dövlət dəstəyi hesabına təhsil almaq imkanı əldə edir. 2024-cü ildə edilmiş dəyişikliklərlə proqramın müddəti 2028-ci ilədək uzadılıb və illik qəbul kvotası artırılıb".

Ekspert qeyd etdi ki, Azərbaycanda təhsilin müxtəlif pillələri, xüsusilə ali təhsil üzrə dövlət maliyyələşməsi istiqamətində ardıcıl addımlar atılır:

"Növbəti illərdə də təhsil pillələri üzrə dövlət sifarişli plan yerlərinin daha da artırılması nəzərdə tutulur. Bu isə daha çox vətəndaşın keyfiyyətli və ödənişsiz təhsil imkanlarından yararlanmasına şərait yaradacaqdır. Çünki təhsilə qoyulan sərmayə, ilk növbədə ölkənin gələcək inkişafına və insan kapitalının formalaşmasına yönəlmiş strateji investisiyadır".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью