Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda məktəbəqədər təhsilin dövlət büdcəsinə düşən maliyyə yükü ilə bağlı rəsmi rəqəmlər açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev yerli mediaya müsahibəsində bildirib ki, dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunan hər bir uşaöln xərci büdcəyə illik 4 500 manata başa gəlir.
Nazir qeyd edib ki, hazırda 100 mindən artıq uşaq bu sistemə cəlb olunub və bu da dövlət büdcəsindən məktəbəqədər təhsilə təxminən 450 milyon manat vəsaitin xərclənməsi deməkdir. Emin Əmrullayevin sözlərinə görə, əgər məktəbəqədər yaşda olan bütün uşaqlar bu sistemə cəlb olunsaydı, ümumi xərclər 2 milyard manatı keçə bilərdi. Bəs bu göstərici beynəlxalq təcrübə ilə müqayisədə necə dəyişir?
“Cebheinfo.az”-ın apardığı araşdırma göstərir ki, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil üçün uşaqbaşına ayrılan vəsait Azərbaycandakı göstəricidən bir neçə dəfə yüksəkdir. Məsələn, Norveçdə məktəbəqədər təhsil alan bir uşaq üçün dövlət və ümumi xərclər ildə 25 500–34 000 manat arasında dəyişir.
Norveçdə bir uşaq üçün illik xərc 15 000–20 000 ABŞ dolları, yəni 25 500–34 000 manat təşkil edir. İsveçdə bu göstərici 14 000–18 000 dollar, yəni 23 800–30 600 manat arasındadır. Almaniya və Fransa kimi iri Avropa ölkələrində isə bu göstərici nisbətən aşağı olsa da, yenə də Azərbaycanla müqayisədə xeyli yüksəkdir.
Almaniyada uşaqbaşına illik xərc 15 000–18 000 manat, Fransada isə 13 500–17 000 manat arasında dəyişir. Azərbaycanla oxşar və ya yaxın səviyyədə olan ölkələr əsasən inkişaf etməkdə olan dövlətlərdir. Türkiyədə məktəbəqədər təhsil üçün hər uşağa 5 000–6 500 manat, Rumıniyada isə 4 000–5 000 manat civarında vəsait ayrılır.
ABŞ-də məktəbəqədər təhsil əsasən özəl sektorun üzərinə düşür. Dövlətin bir uşaq üçün ayırdığı vəsait 6 000–7 000 manat civarındadır. Statistik məlumatlardan aydın olur ki, məktəbəqədər təhsilə sərf olunan vəsait ölkələrin inkişaf səviyyəsi ilə əlaqəlidir. Daha çox inkişaf etmiş ölkələr uşaqların erkən təhsilinə daha çox pul ayırır.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: uşaqlar xərc nazir
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin