Oxu.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycanda özəl tibb müəssisələrində vətəndaşlara onkoloji yardım həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında "Onkoloji yardım haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və "Lisenziyalar və icazələr haqqında" Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.
Belə ki, "Özəl tibb fəaliyyəti haqqında" Qanuna əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş, yəni bilavasitə xəstələrlə bağlanmış müqavilələr, üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr, icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.
Həmçinin özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) 500 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.
"Onkoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi yuxarıda qeyd edilən müddəalar uyğun olaraq həyata keçiriləcək.