Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Cari ilin oktyabrın 2-də paytaxt Bakıda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təşkil olunub. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev geniş nitqlə çıxış etmişdir.
Tədbir zamanı geniş nitq söyləyən ölkə başçısı çıxışında bir sıra mühüm məqamlara toxunmuşdur. Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın siyasi tarixində mühüm mərhələyə təsadüf etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, həmin dövrdə ölkənin gələcəyini düşünən, milli maraqları üstün tutan və cəmiyyətin qarşılaşdığı problemlərin aradan qaldırılmasını istəyən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında sıx şəkildə birləşmişdilər.
1992-ci ilin noyabrında Naxçıvanda YAP-ın təsis qurultayının keçirilməsi ölkənin sonrakı inkişafında yeni siyasi mərhələnin əsasını qoymuşdur. Partiyanın yaranması həmin dövrün ictimai-siyasi reallıqlarından irəli gələn zərurət idi. Çünki müstəqilliyin ilk illərində Azərbaycanda siyasi sabitliyin pozulması, idarəetmədə yaranan ciddi problemlər və ərazi itkiləri ölkəni ağır vəziyyətə salmışdı.
Prezident doğma Partiyamızın Sədri cənab İlham Əliyev vurğulamışdır ki, Azərbaycan öz iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini də möhkəmləndirmişdir.Uzun illər ərzində aparılan ardıcıl siyasət, güclü ordu quruculuğu və iqtisadi imkanların artırılması nəticəsində bu tarixi məqsədə nail olunmuşdur. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə nəticələnmişdir.
Əlbəttə ki, bütün bu uğurların və tarixi nailiyyətlərin əsasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti, qətiyyətli iradəsi dayanır. Bu böyük Zəfərin əldə olunmasında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qəhrəman qazilərimizin və igid hərbçilərimizin göstərdiyi şücaət və fədakarlıq əvəzsiz rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı və ordumuzun şücaəti isə Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biri kimi yaşayacaqdır.
Bu gün əldə etdiyimiz nailiyyətlər milli birlik, dövlətçilik iradəsi və xalqımızın həmrəyliyi ilə daha da möhkəmlənir. Azərbaycanın qarşısında duran yeni hədəflərin reallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasət ölkəmizin davamlı inkişafına, beynəlxalq nüfuzunun daha da artmasına və gələcək nəsillər üçün daha güclü dövlətin formalaşdırılmasına xidmət edir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı