Azərbaycanda yaş tütün istehsalında 34 faiz artım qeydə alınıb AZƏRTAC | Icma.az
Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 27 noyabr, AZƏRTAC Respublikada tütün sahələrində məhsul yığımı davam edir.
Bu il sahələrdən tütün yarpağı yığımında ciddi artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34 faiz çoxdur.
Bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib.
Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür.
Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur.
Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə “Virciniya” sortundan olan tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar.
Tam oxu
Xəbəri oxu