Azərbaycanda “yaşıl” keçidin önəmli hədəfləri

29.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bərpa olunan enerji layihələri dayanıqlı inkişafa,  ekoloji tarazlığa xidmət edir

Müasir dünyada iqtisadi inkişafın əsas göstəriciləri artıq təkcə ümumi daxili məhsulun artımı, sənaye istehsalının genişlənməsi və investisiyaların həcmi ilə məhdudlaşmır. İqtisadiyyatın enerji təminatının etibarlılığı, təbii resurslardan səmərəli istifadə, karbon emissiyalarının azaldılması və iqlim dəyişmələrinin təsirlərinə davamlılıq da dövlətlərin inkişaf strategiyalarında mühüm yer tutur. Bu baxımdan, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və aşağıkarbonlu iqtisadiyyata keçid dünya ölkələrinin qarşısında duran başlıca vəzifələrdəndir.

Azərbaycan da bu qlobal çağırışlara uyğun olaraq enerji sektorunun modernləşdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi, nəqliyyatın ekoloji cəhətdən təmizləşdirilməsi və istixana qazı emissiyalarının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu siyasət, bir tərəfdən, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, digər tərəfdən isə iqtisadiyyatın şaxələndirilməsinə, yeni investisiyaların cəlbinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Bakıda İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda müzakirəyə çıxarılan məsələlər Azərbaycanın bu istiqamətdə müəyyənləşdirdiyi prioritetlərin miqyasını və qarşıya qoyulan hədəflərin əhəmiyyətini bir daha nümayiş etdirib. Dialoqda bərpa olunan enerji layihələrinin genişləndirilməsi, investisiya imkanları, enerji səmərəliliyi, ictimai nəqliyyatın yenilənməsi və uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası ətrafında səsləndirilən fikirlər də “yaşıl” transformasiyanın artıq ölkənin iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərib.  

                       Yeni layihələr və enerji təhlükəsizliyi

Azərbaycanın enerji sektorunda qarşıya qoyduğu əsas vəzifələrdən biri elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını artırmaqdır. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin mövcud enerji potensialından daha səmərəli istifadə etməyə, elektrik enerjisi istehsalının strukturunu şaxələndirməyə və ənənəvi enerji resurslarından asılılığın tədricən azaldılmasına imkan yaradır.

9-cu DİM  Dialoqunda diqqətə çatdırılıb ki, 2027–2028-ci illərdə əlavə 2 giqavat gücündə bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində artıq layihələrə başlanılıb. Bu təşəbbüslərin reallaşdırılması nəticəsində ölkəyə, təxminən, 2 milyard ABŞ dolları həcmində investisiyanın cəlb olunacağı proqnozlaşdırılıb. 

Bu rəqəmlər Azərbaycanın “yaşıl” enerji sahəsindəki planlarının yalnız ekoloji məqsədlərlə məhdudlaşmadığını, eyni zamanda, iqtisadi baxımdan da əhəmiyyətli nəticələr vəd etdiyini göstərir. Milyardlarla dollar həcmində investisiyanın cəlb olunması yeni enerji obyektlərinin inşası, müasir texnologiyaların tətbiqi, infrastrukturun inkişafı və ixtisaslı kadr potensialının gücləndirilməsi üçün əlavə imkanlar yaradır.

Bərpa olunan enerji layihələri ölkənin investisiya mühitinin cəlbediciliyini artırmaq baxımından mühüm önəm  daşıyır. Günəş və külək enerjisi sahəsində beynəlxalq investorlarla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın enerji sektoruna xarici kapitalın, qabaqcıl texnologiyaların və müasir idarəetmə təcrübəsinin gətirilməsinə əlverişli şərait yaradır. Beləliklə, “yaşıl” enerji sahəsinə yönəldilən investisiyalar təkcə yeni elektrik stansiyalarının yaradılmasına deyil, bütövlükdə, iqtisadiyyatın texnoloji yenilənməsinə də töhfə verir.

Qarşıya qoyulan əsas hədəflərdən biri 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ölkənin ümumi elektrik enerjisi istehsalı gücündəki payını 34 faizə çatdırmaqdır. Dialoqda bildirildiyinə görə, hazırda bu göstərici, təxminən,  21,5 faiz təşkil edir. Mövcud göstərici ilə qarşıya qoyulan hədəf arasındakı fərq isə qarşıdakı illərdə görüləcək işlərin miqyasını aydın göstərir. Hədəfə çatmaq üçün yeni generasiya güclərinin yaradılması ilə yanaşı, elektrik enerjisinin ötürülməsi və paylanması infrastrukturunun təkmilləşdirilməsi, istehsal güclərinin enerji sisteminə inteqrasiyası və dəyişkən enerji mənbələrinin yaratdığı texniki çağırışların idarə olunması da zəruridir. 

Günəş və külək elektrik stansiyalarının istehsalı hava şəraitindən asılı olduğuna görə, onların enerji sisteminə genişmiqyaslı inteqrasiyası çevik idarəetmə mexanizmlərinin, müasir şəbəkə infrastrukturunun və enerji saxlama imkanlarının inkişafını tələb edir. Bu baxımdan, “yaşıl” enerjinin payının artırılması yeni stansiyaların tikintisi ilə bərabər, həm də  bütöv enerji sisteminin müasirləşdirilməsi amilini önə çəkir.   

Azərbaycanın bu sahədə qarşıya qoyduğu hədəflər ölkənin zəngin bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi üçün yeni mərhələ açır. Xüsusilə Günəş enerjisi imkanlarının yüksək olduğu ərazilərdə və külək enerjisi potensialı ilə seçilən bölgələrdə layihələrin həyata keçirilməsi gələcəkdə enerji istehsalının strukturunda mühüm dəyişikliklərə səbəb ola bilər.

                                Səmərəlik, daha çox nəticə  

Enerji sektorunun dayanıqlı inkişafında yeni istehsal güclərinin yaradılması ilə bərabər, istehsal olunan enerjidən səmərəli istifadə edilməsi, yanacaq sərfinin azaldılması, mövcud avadanlıqların yenilənməsi və enerji itkilərinin minimuma endirilməsi amilləri də mühüm önəm daşıyır. Bu baxımdan 9-cu DİM Dialoqunda vurğulanan əhəmiyyətli məsələlərdən biri də enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır. Azərbaycanın təcrübəsi göstərir ki, mövcud infrastrukturun modernləşdirilməsi və texnoloji yenilənməsi nəticəsində əlavə enerji resursları sərf etmədən daha yüksək səmərəliliyə nail olmaq mümkündür.

Bu baxımdan, elektrik enerjisi istehsalında yanacaq sərfinin azaldılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, əvvəllər bir kilovat-saat elektrik enerjisinin istehsalına 330 qram şərti yanacaq işlədildiyi halda, hazırda bu göstəricinin 220 qramdan aşağı səviyyəyə endirilməsi, yanacağın xüsusi sərfi üzrə 30 faizdən artıq azalmaya nail olunması mühüm nəticədir. Bu nəticə texniki baxımdan olduğu qədər iqtisadi cəhətdən də əhəmiyyətlidir. Çünki elektrik enerjisinin istehsalına sərf olunan yanacağın azalması istehsal xərclərinin aşağı salınmasına, mövcud resurslardan daha səmərəli istifadə edilməsinə və enerji istehsalının ekoloji yükünün azaldılmasına imkan verir.

Enerji səmərəliliyinin artırılması yanacaq sərfinin azalması ilə yanaşı, yanma prosesləri nəticəsində atmosferə atılan karbon qazının həcminin də aşağı düşməsinə şərait yaradır. Başqa sözlə, texnoloji modernləşmə həm iqtisadi qənaət, həm də ekoloji fayda deməkdir.

Azərbaycan İstilik Elektrik Stansiyasında həyata keçirilənlayihələr bu yanaşmanın konkret nümunələrindən biridir. Belə ki, bu stansiyada istehsal proseslərinin təkmilləşdirilməsi və texniki imkanların yenilənməsi nəticəsində hər kilovat-saat elektrik enerjisinə sərf olunan şərti yanacağın miqdarının azalması məhz bunun bariz ifadəsidir.  

Bu təcrübənin əhəmiyyəti ondadır ki, enerji səmərəliliyi təkcə yeni texnologiyaların tətbiqi ilə deyil, həm də mövcud istehsal obyektlərinin imkanlarından daha dolğun istifadə etməklə də yüksəldilə bilər. Əlbəttə, ayrı-ayrı stansiyalarda əldə olunan nəticələrin davamlı olması üçün avadanlıqların müntəzəm yenilənməsi, texniki nəzarətin gücləndirilməsi və enerji göstəricilərinin sistemli təhlili zəruridir.  

Enerji səmərəliliyi iqtisadiyyatın digər sahələri üçün də mühüm əhəmiyyət daşıyır. Sənaye müəssisələrində, yaşayış və qeyri-yaşayış binalarında, nəqliyyat sistemində və kommunal təsərrüfatda enerji itkilərinin azaldılması ümumi enerji tələbatının daha səmərəli idarə edilməsinə kömək edir. Bu isə həm müəssisələrin rəqabət qabiliyyətini yüksəldir, həm də ətraf mühitə düşən yükü azaldır.

                             İctimai nəqliyyat  “yaşıl”laşır     

Aşağıkarbonlu iqtisadiyyata keçidin mühüm istiqamətlərindən biri nəqliyyat sektorunda emissiyaların azaldılmasıdır. Şəhərlərdə əhalinin və avtomobillərin sayının artması, nəqliyyat sıxlığının yaranması və ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsi atmosferə atılan istixana qazlarının həcminə birbaşa təsir göstərir.

Dünya üzrə karbon emissiyalarının, təxminən, 15 faizinin nəqliyyat sektorunun payına düşməsi bu sahədə həyata keçirilən tədbirlərin qlobal əhəmiyyətini göstərir. Azərbaycanda isə müvafiq göstəricinin, təxminən, 13 faiz olması nəqliyyatın ekoloji cəhətdən yenilənməsinin ölkənin iqlim hədəflərinə çatması baxımından mühüm rol oynadığını təsdiqləyir.

Bakıda ictimai nəqliyyat sisteminin yenilənməsi bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas hissəsidir. Son 3 ildə paytaxtda avtobusların sayının 1700-dən  2600-ə çatdırılması, 900  yeni avtobus artımına nail olunması da bunun parlaq   ifadəsidir. Yeni nəqliyyat vasitələri arasında sıxılmış təbii qazla və elektrik enerjisi ilə işləyən avtobusların olması isə ictimai nəqliyyatın ekoloji göstəricilərinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.  

Bununla yanaşı, müasir tələblərə cavab verməyən dizel avtobusların dövriyyədən çıxarılması nəzərdə tutulur. Dialoqda bildirildiyinə görə, 2026-cı ilin sonunadək Bakıda belə avtobusların sayının, təxminən, 500-ə  endirilməsi, 2027-ci ildə isə onların tamamilə yeniləri ilə əvəzlənməsi planlaşdırılır.

Bu prosesin əhəmiyyəti təkcə köhnə avtobusların yeni nəqliyyat vasitələri ilə əvəz olunmasından ibarət deyil. İctimai nəqliyyat parkının yenilənməsi şəhər havasının keyfiyyətinin yaxşılaşdırılmasına, nəqliyyat vasitələrinin texniki etibarlılığının yüksəldilməsinə, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına və şəhər mühitinin daha əlverişli olmasına şərait yaradır. 

Digər mühüm məsələ ictimai nəqliyyatın elektrikləşdirilməsinin infrastruktur təminatıdır. Elektrik avtobuslarının sayının artması ilə yanaşı, onların enerji ilə təmin edilməsi, şarj məntəqələrinin yaradılması, marşrutların və hərəkət qrafiklərinin səmərəli təşkili də vacibdir. Bu sahədə kompleks yanaşmanın tətbiqi zamanı həm ekoloji, həm də iqtisadi baxımdan daha yüksək nəticələr əldə etmək mümkündür.

Bakıda ictimai nəqliyyatın yenilənməsi şəhərsalma və nəqliyyat planlaşdırılması ilə də sıx əlaqəlidir. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə hərəkətini gerçəkləşdirən ictimai nəqliyyat sisteminin inkişafı şəxsi avtomobillərdən istifadənin artım tempini azaltmağa kömək edir. Bu isə nəqliyyat sıxlığının, yanacaq sərfinin və atmosferə atılan zərərli maddələrin azaldılması üçün əlavə imkanlar yaradır.

Vaqif BAYRAMOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью