Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə yazıçının özü məlumat verib.
Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəlir gətirmədiyinə görə, peşəsini dəyişmək qərarı verib.
Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb: “Materiala çox pul xərcləmədim, zatən yoxdur və əsasən tullantı kərpiclərdən, həyətimdə çoxdan qalan qumdan, neçə il ərzində topladığım şüşə butulkalardan, çöldən daşıyıb gətirdiyim gildən və sairədən istifadə etdim.
Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır.
Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum.
Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm.
Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım.