Icma.az, Konkret.az saytına istinadən bildirir.
Rusiyada “meymunçiçəyi” virusuna ilk yoluxma faktının rəsmi şəkildə təsdiqlənməsi region ölkələrində, xüsusilə də Azərbaycan üçün mümkün epidemioloji təhlükələrlə bağlı narahatlıqları artırıb. Qlobal miqyasda yoluxucu xəstəliklərin sürətlə yayılması fonunda qonşu ölkədə qeydə alınan bu hal ölkəmizdə risklərin artıb-artmaması sualını aktuallaşdırır. Bəs Rusiyada meymunçiçəyi virusunun yayılması Azərbaycanda yeni epidemioloji təhlükə yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, virusların ən təhlükəli xüsusiyyəti onların mutasiyaya uğraması və yeni variantlarının yaranmasıdır. Onun sözlərinə görə, müasir dövrdə virusların süni şəkildə də yayılması halları mövcuddur:
“Virusların qorxulu cəhəti odur ki, onlar dəyişə bilir, yeni variantlar ortaya çıxır. Artıq dünyada virus silahından da istifadə olunur. Keyfiyyətsiz qida, su, təsərrüfat məhsulları və laboratoriya şəraitində yetişdirilən viruslar təhlükə mənbəyinə çevrilə bilər. İstənilən virus yayılanda əhali məlumatlandırılır. Biz isə gücümüz çatan qədər sanitar-gigiyenik qaydalara ciddi əməl etməliyik.
Bu dövrdə maskalardan istifadə edilməlidir. Qida və içkilər mütləq şəkildə yoxlamadan keçməlidir. Bu tədbirlər qaçılmazdır”.
Dosent əlavə edib ki, Azərbaycanda da epidemioloji vəziyyətlə bağlı mütəmadi məlumatlar verilir və dünyada hər hansı virus təhlükəsi yarandıqda ölkəmizdə profilaktik tədbirlər gücləndirilməlidir:
“Dünyanın harasında olursa-olsun hər hansı virus yayılarsa, biz öz işimizi görməliyik. Müvafiq peyvəndlər aparılmalı, qayda-qanunlara ciddi şəkildə riayət olunmalıdır”.
Mütəxəssislər bildirirlər ki, hazırkı mərhələdə panikaya əsas yoxdur, lakin əhalinin məlumatlı olması və şəxsi gigiyena qaydalarına əməl etməsi epidemioloji risklərin minimuma endirilməsində mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az