Azərbaycanda yeni qadağa müzakirə yaratdı Cavabsız suallar

29.01.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. “Uşaq hüquqları” haqqında” qanun layihəsinə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. 

Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, uşaqları hər hansı dinə və ya inanca məcbur etmək yolverilməzdir:

“Din özü də buna qarşıdır. İnsan düşünərək və könüllü şəkildə qərar verməlidir. Bunun üçün isə onun yetkinlik yaşına çatması vacibdir. Yeni qanun uşaqların hüquqlarının qorunması baxımından da mütərəqqidir. Lakin mövcud mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə gələcəkdə geniş ictimai müzakirələr aparılmalıdır. Xüsusilə, uşağın hansı yaşdan etibarən və hansı hallarda hüquqlarının pozulması ilə bağlı hara müraciət edə biləcəyi məsələsi müəyyənləşdirilməlidir”.

Tural İrfan

Dinşünas bildirib ki, dini məcbur etmə ilə dini inanca uyğun tərbiyə arasındakı sərhədlərin necə müəyyən olunacağı dəqiqləşdirilməlidir:

“Bu inancın çərçivələri və hədləri konkret şəkildə göstərilməlidir. Valideynlərin öz dini inanclarının sağlam və uşağın hüquqlarına uyğun olub-olmamasını müəyyən edən mexanizm bilinməlidir. Bəzi hallarda azyaşlıların dini ayinlərə və tədbirlərə cəlb edilməsi məsələsində şəffaflıq təmin olunmalıdır. Məsələn, bir valideynin dini inancına görə uşağın məscidə aparılması və Aşura mərasimlərində iştirakı normaldır. Uşağı bu tərbiyədə yetişdirən valideyn bundan hansı üsulda imtina etməli olacaq? Yaxud digər valideynin inancına əsasən azyaşlı qız uşaqları da hicab taxmalıdır. Bu kimi hallar hüquqi müstəvidə necə qiymətləndiriləcək? Bu qətiləşdirilməlidir. Gələcəkdə ziddiyyətlərin yaranmaması və hüquqi tənzimləmələrin hərtərəfli, əhatəli şəkildə tətbiq olunması üçün müvafiq qanunun təfsilatı hazırlanmalı, cəmiyyətə aydın şəkildə izah edilməlidir. İnsanlar qanunun mahiyyətini, məqsədini tam anladıqda, onun tətbiqi də daha asan və effektiv olacaq”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью