Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda əmək münasibətlərinin müasir tələblərə uyğun tənzimlənməsi istiqamətində növbəti addım atılıb.
AzPost xəbər verir ki, məsafədən iş rejiminin rəsmiləşdirilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və işçilərin hüquqlarının qorunması ilə bağlı qanun layihələrinin bir hissəsi artıq hökumətə təqdim olunub.
Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunur.
Hazırda təqdim edilmiş layihələrə baxılır və digər sənədlər də razılaşdırılma mərhələsindədir.
Nazirlik əlavə edib ki, bu layihələrlə bağlı yeniliklər olduqda ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev daha əvvəl çıxışında Azərbaycanda 200-ə yaxın dəyişiklik üzərində iş getdiyini açıqlamışdı.