Azərbaycanda zəhərlənmələr niyə artır? DETALLAR

01.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində 92 nəfər zəhərlənib. Ardınca Gəncədə 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənmələrə ilkin səbəb kimi qida göstərilib. Hər iki faktla bağlı araşdırma aparılır. 

Maraqlıdır, qidadan zəhərlənmələr niyə artır?

Bu sualı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakıvaxtı.az-a açıqlamasında cavablandırıb.

Onun sözlərinə görə, bəzi qidalar yüksək temperaturda xarab olmağa meyillidir. Ona görə də həmin qidaları mütləq şəkildə soyuq zəncir prinsipinə əsaslanaraq saxlamaq lazımdır:

"Xüsusən də süd və süd məhsulları, qatıq, pendir, qaymaq, eləcə də ət və ət məhsulları tez xarab olmağa meyllidir. Eyni zamanda dəniz və balıq məhsulları, yumurtadan hazırlanan məhsullar, kremli şirniyyatlar, eləcə də ev üsulu hazırlanmış qarışıq salatlar, doğranmış və ya kəsilmiş meyvələr xarab olmağa daha çox meyllidir. Bişirilmiş məhsulları da iki saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Mütləq soyuducuya yerləşdirmək lazımdır. Bundan başqa, hər məhsulu düzgün qablaşmadan istifadə edərək saxlamaq vacibdir. Qida Təhlükəsizliyi Agentliyi ictimai obyektlərdə qidaların düzgün saxlanılması ilə bağlı mütəmadi olaraq nəzarəti gücləndirməlidir. Satış yerlərində mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı alınmalıdır.  Açıq şəkildə satılan məhsulların mənşəyi bəlli deyilsə, bu, araşdırılmalıdır. O cümlədən, məhsulların satışı həyata keçirilərkən daşınma və saxlanma şəraitində soyuq zəncir prinsipi əsas götürülməlidir". 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova

Mütəxəssis qeyd edib ki, ictimai məkanlarda çox sayda insan üçün hazırlanan qidaların uzun müddət əvvəl bişirilməsi və düzgün şəraitdə saxlanmaması zəhərlənmə riskini daha da artırır.

"Zəhərlənmə hallarının böyük əksəriyyəti yüksək risk qrupuna aid qidalardan baş verir.  Bu qrupa öncəliklə mayonezli salatlar daxildir. Çünki onların tərkibində bişirilmiş tərəvəzlər, zülal tərkibli ət məhsulları və mayonez olur. Bu qidalar açıq havada qaldıqda, insan orqanizmində ciddi fəsadlar yaradır. İstifadə olunan mayonezlər açıldıqdan sonra soyuducuda saxlanmalıdır. Bundan əlavə, yağda qızardılmış və ya bir neçə gün əvvəl hazırlanmış ət məhsulları həssas orqanizmlər üçün təhlükə yaradır. Bu, immun sistemi zəif, xroniki xəstəliyi olan, uşaq və yaşlı insanlarda daha ağır nəticələrə səbəb ola bilər. Bu qidaların qazlı və ya rəngli içkilərlə birlikdə qəbulu isə vəziyyəti daha da ağırlaşdırır. Çünki bu içkilərin tərkibində olan kimyəvi qatqılar mədədəki problemləri dərinləşdirir və zəhərlənmə riskini artırır", - deyə müsahibimiz izah edib.

M. Hüseynovanın fikrincə, payız aylarında ev şəraitində hazırlanan turşular və konservlər ən böyük zəhərlənmə mənbələrindən biridir. Ona görə də qapağı şişmiş, rəngi dəyişmiş və ya açarkən qeyri-adi qoxu gələn konservləri istifadə etmək məsləhət görülmür:

"Həmçinin payız aylarında göbələk zəhərlənmələri artır. Zəhərlənmədən qorunmaq üçün yalnız etibarlı mənbədən alınmış göbələklərdən istifadə etmək lazımdır. Mağazalarda satılan, qablaşdırılmış və nəzarətdən keçmiş göbələklərə üstünlük verilməlidir. Çünki yabanı göbələk yığımı peşəkar bilik tələb edir. Uşaqlara və yaşlılara yabanı göbələk verməkdən çəkinməliyik. Çünki zəhərli göbələklərin bəziləri ilk saatlarda heç bir əlamət vermir və zəhərlənmə bir neçə saatdan sonra ortaya çıxır. Bu zaman isə zəhərlənmə ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə və ishal kimi hallarla özünü göstərir".

Qeyd edək ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbdə dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər şirniyyatdan zəhərləniblər. Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.

Gülşən Şərif 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью