Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Artıq dördüncü ildir ki, bir tərəfdən Rusiya ilə döyüşən, digər tərəfdən qışın dondurucu soyuğu ilə mübarizə aparan Ukraynanın sözün həqiqi mənasında ölüm-dirim savaşı verdiyi, öz tarixini və taleyini yenidən yazdığı birmənalıdır.
Məhz belə bir kritik məqamda Azərbaycanın Ukraynaya humanitar yardımlar göndərməsi davam edir ki, bu yardımlar qəhrəman Ukrayna xalqı üçün həyati önəm kəsb edir.
Hansı ki, bu həqiqət rəsmi Kiyev tərəfindən dəfələrlə etiraf edilməkdə, təqdirlə vurğulanmaqdadır.
Xatırladaq ki, elə bu gün Ukrayna səfiri Yuri Husyev jurnalistlərə açıqlamasında Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımı yüksək qiymətləndirərək deyib: “Biz xüsusilə bu gün Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk.
Bu gün biz daha bir humanitar yardım paketini qəbul edirik ki, bu da qış dövründə, Rusiya tərəfindən elektrik infrastrukturumuza edilən terror hücumlarından sonra bizim üçün son dərəcə vacibdir”.
Azərbaycanın 20 yanvar tarixində Ukraynaya göndərdiyi elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımında 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27,000 metr kabel və naqil yer alıb ki, bu da enerji infrastrukturu mütəmadi şəkildə Rusiyanın raket və dron zərbələrinə məruz qalan, əhalinin böyük əksəriyyətini elektrik enerjisi və istiliklə təmin etməkdə çətinlik çəkən Ukrayna üçün sözün həqiqi mənasında xilas kəməridir.
Çünki elektrik stransiyaları Rusiyanın zərbələri nəticəsində tez-tez sıradan çıxdığı üçün Ukraynada əhalinin elektrik enerjisi ilə təchizatında əsas yük generatorların üzərinə düşür.