Azərbaycandan uzaq ölkələrə birbaşa uçuşlar arta bilər

14.09.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda kommersiya uçuşlarını həyata keçirən təyyarə heyətinin iş, uçuş və istirahət vaxtları yeni qaydalarla tənzimlənəcək. Dəyişikliklərin uzunməsafəli reyslərin təşkilini asanlaşdıracağı və yerli aviaşirkətlərin uçuş coğrafiyasını genişləndirəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, uçuş iş vaxtı ekipaj üzvünün bir və ya bir neçə ardıcıl reysi yerinə yetirmək üçün hava limanına gəldiyi andan başlayacaq. Bu müddət son uçuş tamamlandıqdan və təyyarənin yerdə hərəkəti tam dayandıqdan sonra bitəcək. İş vaxtının başlanma anını hava gəmisinin istismarçısı müəyyənləşdirəcək.

Kommersiya hava daşımalarında ekipaj üzvlərinin maksimal iş vaxtı aşağıdakı dövrlər üzrə hesablanacaq:

ardıcıl 7 gün;
ardıcıl 14 gün;
ardıcıl 28 gün;
bir təqvim ili.

Ekipajın maksimal uçuş vaxtı isə ardıcıl 28 gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə müəyyən ediləcək.

Hazırda Əmək Məcəlləsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyənləşdirilib.

İş vaxtının cəmlənmiş uçotu tətbiq olunduqda gündəlik iş müddəti 12 saatı, gecə vaxtına düşən iş isə 11 saatı keçə bilməz.

Qeyd olunub ki, bu məhdudiyyətlər 13–14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların təşkilini çətinləşdirir və ya onları iqtisadi baxımdan səmərəsiz edir. Mövcud qaydaların yerli aviaşirkətlərin beynəlxalq bazardakı rəqabət imkanlarını zəiflətdiyi bildirilir.

Yeni layihə aviasiya heyətinin iş və istirahət rejiminin Əmək Məcəlləsindəki ümumi normalardan ayrıca tənzimlənməsini nəzərdə tutur. Qaydalar Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartları və ekipajın yorğunluğunun idarə edilməsi prinsipləri əsasında hazırlanacaq.

Bildirilib ki, ABŞ və Avropa İttifaqında uçuş heyətinin iş və istirahət müddətləri 7, 14 və 28 günlük, həmçinin illik dövrlər üzrə çevik limitlərlə tənzimlənir.

Dəyişikliklər qəbul edilərsə, kommersiya uçuşlarında çalışan ekipajın maksimal iş, uçuş və istirahət vaxtlarının konkret hədlərini Nazirlər Kabineti müəyyənləşdirəcək.

Yeni qaydaların yerli aviaşirkətlərin iqtisadi səmərəliliyini və beynəlxalq rəqabət qabiliyyətini artıracağı, eyni zamanda yeni uzunməsafəli marşrutların açılmasına şərait yaradacağı gözlənilir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью