Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Mədəniyyət sahəsində qanunvericilik, kino istehsalı, kino teatrlarının fəaliyyəti və Azərbaycan dilində dublyajın vəziyyəti ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Yeni mədəniyyət konsepsiyası”nın müzakirəsi zamanı jurnalistlər mədəniyyət üzrə qanunverici aktların hansı istiqamətdə dəyişəcəyi, kino sahəsində konkret layihələrin olub-olmayacağı, “Azərbaycanfilm” kinostudiyasının gələcəyi və Azərbaycan dilində dublyaj probleminin necə həll ediləcəyi ilə bağlı suallar ünvanlayıblar.
Cavabda bildirilib ki, mədəniyyət üzrə qanunverici aktlar ilk növbədə sahənin real ehtiyaclarını nəzərə almalıdır və bu istiqamətdə yeni layihələrin icrası planlaşdırılır. Qeyd olunub ki, kino sahəsi üzrə ayrıca yanaşma formalaşdırılır və qanun layihələri çərçivəsində konkret addımlar atılacaq.
Bildirilib ki, “Azərbaycanfilm” kinostudiyasının əvvəlki fəaliyyət modeli faktiki olaraq başa çatıb və kino istehsalında yeni, daha çevik və müasir mexanizmlərə keçid nəzərdə tutulur. Kino sahəsində həm dövlət, həm də özəl sektorun iştirakı ilə yeni istehsal modelinin qurulması əsas hədəflərdən biridir.
Eyni zamanda vurğulanıb ki, kino teatrlarının fəaliyyəti və Azərbaycan dilində dublyaj məsələsi ciddi problem olaraq qalır. Bildirilib ki, hazırda tamaşaçılar filmləri əsasən rus və ya türk dillərində izləyir, Azərbaycan dilində dublyaj isə demək olar ki, mövcud deyil. Bu vəziyyətin dəyişdirilməsi konsepsiyanın istiqamətləri sırasındadır.
Cavabda qeyd olunub ki, qarşıdakı dövrdə Azərbaycan dilində dublyajın inkişafı, yerli kino məhsullarının artırılması, filmlərin kino teatrlarında, yayım platformalarında və dövlət proqramları çərçivəsində geniş təqdim olunması nəzərdə tutulur.
Əlavə edilib ki, kino sahəsində islahatlar yalnız mədəni deyil, həm də iqtisadi yanaşma əsasında aparılacaq, ekosistem modeli tətbiq olunacaq və xarici istehsalçıların Azərbaycanda çəkilişlərə marağının artırılması üçün yeni mexanizmlər yaradılacaq.
Zeynəb Rzayeva