“Azərbaycanı kəşf et!” layihəsi Misirdə beynəlxalq sərgidə nümayiş etdirilib

25.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Misirin İsgəndəriyyə şəhərində EISTF 2026 – Misir Beynəlxalq Elm və Texnologiya Sərgisi keçirilib.

Misir Elm və Mühəndislik Assosiasiyasının (EASE) təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycanla yanaşı, Misir, İordaniya, Tailand, İndoneziya, Bosniya və Herseqovina, eləcə də Braziliyadan olan gənc innovatorlar elmi-tədqiqat və mühəndislik layihələrini nümayiş etdiriblər.

XQ xəbər verir ki, tədbirə Misirdə fəaliyyət göstərən “Azərbaycanı kəşf et!” (“Discover Azerbaijan!”) mədəni-maarifləndirici layihəsinin təsisçisi və rəhbəri Sədaqət Əliəşrəf, eləcə də Ayn Şəms Universitetinin tələbəsi, Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı Sandi Salem qatılıb. Onlar “Azərbaycanı kəşf et!” layihəsinin məqsəd və fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib, müxtəlif ölkələrdən olan gənc innovatorları layihəyə qoşulmağa dəvət ediblər.

Sonda elmi layihələri və innovativ ideyaları ilə fərqlənən gənclərə təşkilatçılar, həmçinin “Discover Azerbaijan” layihəsi tərəfindən mükafat və sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, “Azərbaycanı kəşf et!” layihəsi Misirdə Azərbaycanın zəngin mədəni irsinin, tarixinin və milli dəyərlərinin təbliğinə, eləcə də əcnəbi gənclər arasında ölkəmiz haqqında məlumatlılığın artırılmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью