“Azərbaycanın Almanya üçün strateji əhəmiyyəti mövcuddur”

18.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Məlum olduğu kimi, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycana səfər edib, Prezident İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramovla görüşüb.

Moderator.az-a açıqlamasında Yohann Vadefulun ölkəmizə səfərinə münasibət bildirən politoloq Tofiq Abbasov, Almaniya-Azərbaycan əlaqələrinin bugünü və gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Almaniya və digər Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda, onun tranzit imkanlarından istifadədə maraqlıdır.

Bu gün Avropa çox mürəkkəb sosial-iqtisadi və geosiyası durumdadır. Almaniya-ABŞ münasibətlərində ciddi soyuqluq var. Avropanın Rusiyanın enerji daşıyıcılarından məhrum olması bu coğrafiyada vəziyyəti ağırlaşdırıb, çətinliklər gündən-günə artır. İnsanlar narazıdır və bu narazılıq özünü küçə qarşıdurmalarında da göstərir. Belə olan halda Almaniya üçün Azərbaycanla əməkdaşlığı genişləndirmək son dərəcə əlverişlidir.

Azərbaycanın Almanya üçün strateji əhəmiyyəti mövcuddur. 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı.

 Bu gün Avropa İttifaqı demək olar ki, Rusiyanın enerji daşıyıcılarından imtina edib. Təbii, Rusiyanın da alternativ bazarları var. Məsələ bunda deyil. Məsələ bundadır ki, qoca qitənin  enerji təminatını kim həll edəcək? Bu məsələdə Azərbaycanın xüsusi rolu var. Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə qaz göndərir. Üümumilikdə, dövlət olaraq 16 Avropa dövlətinə qaz tədarük edirik. Buna baxmayaraq, onlar bu gün də israrla ixrac etdiyimiz qazın həcmini artırmağımızı xahiş edirlər. Bu isə o deməkdir ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq istəkləri yaxın gələcəkdə də öz aktuallığını qoruyub saxlayacaq”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью